Deputat: "Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet sahələrindəndir"

17 Sentyabr 2020 13:41

Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparılır. Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet sahələrindəndir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, cənab Prezidentimiz tərəfindən hər zaman neqativ halların aradan qaldırılması, korrupsiyanın qarşısının alınması məqsədilə çox vacib addımların atılması həyata keçirilib:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib".

C.Osmanov vurğulayıb ki, ölkəmizdə aparılan islahatlar, struktur, kadr dəyişiklikləri bütün inkişaf templəri ilə bərabər korrupsiya və rüşvətxorluğun qarşısının alınmasında da böyük yer alır: "Təbii ki, dövlət başçısı tərəfindən bir neçə dəfə məmurlara xəbərdarlıq olunmuşdu. Cənab Prezident hər zaman vurğulamışdır ki, korrupsiya, rüşvətxorluq halları ölkənin ümumilikdə inkişaf tempinə zərbə vurur. Ona görə də, korrupsiya, rüşvətxorluğun qarşısı amansızcasına alınmalıdır.

Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən dərin islahatlar kursu ölkənin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə edir, şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur".

Deputat qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş dayanır: "Aparılan kadr islahatları nəticəsində yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilir. Bu islahatlar imkan verib ki, yeni peşəkar, bilikli, müasir kadrlar önə çəkilsin. İstənilən sahədə kadrlar dövlətə, xalqa bağlı, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır".

Milli.Az