POS terminalların kütləvi tətbiqi Azərbaycanda kölgə biznesinin azalmasına təsir edəcək

17 Sentyabr 2020 09:13

POS terminalların kütləvi tətbiqi Azərbaycanda kölgə biznesinin azalmasına təsir edəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən deyiblər.

Mənbənin sözlərinə görə, Azərbaycanda kiçik və orta biznes sahəsində müəssisələrin işini əhəmiyyətli şəkildə dəyişəcək vacib addım istehlakçılar üçün POS terminallar vasitəsilə ödənişlərin həyata keçirilməsi imkanının yaradılmasıdır:

"Ticarət və xidmətlər sahəsində kiçik və orta biznes iri şəbəkələrlə rəqabətdə geri qalır. Onların daxili inkişafını ləngidən və artım potensialını məhdudlaşdıran bir sıra obyektiv amillər mövcuddur. Onlardan biri sırf texniki məsələdir - xidmətin optimallaşması və avtomatlaşması. POS terminalların mövcudluğu təkcə nağdsız ödənişlərin həcminin artması baxımından deyil, həm də şəffaflığın yüksəldilməsi və vergidən yayınma hallarının qarşısının alınması üçün də vacibdir".

Qurumdan bildiriblər ki, bu gün kiçik və orta biznes, eləcə də ictimai iaşə obyektlərinin hamısında POS terminal yoxdur. Belə hallarda, vətəndaşlar plastik kartlarından istifadə edə bilmirlər:

"İstehlakçıların hüquqlarının müdafiəsi" barədə qanunun 7-ci maddəsinə əsasən, ticarət, məişət xidməti və digər xidmət obyektlərində POS terminalların quraşdırılması məcburidir. POS terminalların olmamasına görə, məsuliyyətə cəlb olunmaq nəzərdə tutulur. Bundan başqa, Vergi Məcəlləsinin 16-cı maddəsinə əsasən, POS terminalın quraşdırılması vergi ödəyicisinin öhdəliyidir".

Qeyd olunub ki, POS terminalların olmaması və ya nağdsız ödənişi qəbul etməkdən imtina obyekt sahibinin 6 min manatadək cərimələnməsinə səbəb ola bilər:

"İstehlakçı bu cür halla qarşılaşarsa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilər. Bundan başqa, vətəndaşlar İqtisadiyyat Nazirliyinin, eləcə də Dövlət Vergi Xidmətinin qaynar xəttinə zəng edə bilər".

Milli.Az