"Tour de France"ın 17-ci mərhələsinin qalibi kolumbiyalı Lopes oldu

17 Sentyabr 2020 07:55

"Astana" komandasını təmsil edən kolumbiyalı Migel Anxel Lopes "Tour de France" veloyarışının 17-ci mərhələsinin qalibi titulunu qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, idmançı 170 km məsafəni 4 saat 49 dəqiqə 9 saniyəyə qət edib.

26 yaşındakı M.Lopes bu yarışların qalibi ilk dəfə olur. "Jumbo-Visma" klubundan olan sloveniyalı Primoj Roqliç qalibə 15 saniyə məğlub olaraq ikinci, BƏƏ-nin "Team Emirates" komandasından olan Tadej Poqaçar isə (+0.30) üçüncü sırada qərarlaşıblar.

P.Roqliç ümumi hesabda liderliyini qoruyur (74:56.04), T.Poqaçar (+0.57) ikinci, M.Lopes isə üçüncü yerdə (+1.26) gəlirlər.

Xatırladaq ki, 18-ci mərhələ bu gün dağlıq ərazidə keçiriləcək və 175 km olacaq.

"Tour de France" 107-ci dəfə təşkil olunur, bu il marşrut yalnız Fransa ərazisindən çəkilib. Tədbir 27 iyun tarixində başlamalı idi, lakin pandemiya səbəbindən start təxirə salındı. Qrand-tur ümumi uzunluğu 3470 km olan 21 mərhələdən ibarətdir, finiş 20 sentyabrda Parisdə "Champs Elysees"də baş tutacaq.

Milli.Az