"SABAH" Qruplarının müəllimi: Dövlətin təhsil siyasətinə göstərdiyi diqqət öz müsbət nəticəsini verir

16 Sentyabr 2020 13:08

"Təhsil millətin gələcəyidir" deyən Ümummilli lider Heydər Əliyevin xalqına miras qoyub getdiyi təhsil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev və dövlətin sosial siyasətinin həyata keçirilməsində əvəzsiz xidmətləri olan ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciətində də qeyd olunduğu kimi, bu il ölkə üzrə 147 məktəbin tikintisi nəzərdə tutulur.

Onların böyük hissəsi Bilik Gününə hazır vəziyyətə gətirilmiş və 147 məktəbin 45-i Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmişdir. Bu baxımdan Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr xüsusilə fərqlənməklə kifayətlənmir, məktəb tikintisi kimi nümunəvi bir ənənə geniş vüsət almışdır. 17 ildir ki, Heydər Əliyev Fondu bu sahədə çox böyük işlər görmüş, irihəcmli layihələr reallaşdırmağa müvəffəq olmuşdur. Son 2-3 il ərzində kiçik kəndlərdə modul tipli məktəblər inşa edilir. Bu il modul tipli 60 məktəbin tikintisi həyata keçirilir. Bütövlükdə isə son 17 il ərzində Azərbaycanda 3700-ə qədər məktəb tikilmiş və əsaslı şəkildə təmir edilmişdir. Nəzərə alsaq ki, Azərbaycanda hazırda 4500-ə qədər məktəb var, onların 3700-ü tam yeni görkəm almış və yenidən inşa edilmiş, o zaman məlum olur ki, bu statistik göstəricilər ölkəmizin məktəb fondunun böyük əksəriyyətini təşkil etməkdədir.

Bütövlükdə, Heydər Əliyev Fondu Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi qəbul edilmiş təhsil sahəsinin inkişafına diqqət və qayğı ilə yanaşır. Bu istiqamətdə bir çox vacib tədbirlər həyata keçirilmişdir. Fond xalqımız tərəfindən də böyük rəğbətlə qarşılanan "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı, "İnternat məktəblərinin inkişaf proqramı", "Təhsilə dəstək" kimi bir sıra mühüm layihələri uğurla gerçəkləşdirmişdir. Fondun təhsillə bağlı hədəf götürdüyü əsas məqsəd Azərbaycanda bu sahəni inkişaf etdirərək onu beynəlxalq standartlara uyğunlaşdırmaqdır. 2005-ci ildən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramının da əsas məqsədi də təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılmasıdır. Bu baxımdan sözügedən layihə çərçivəsində hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilmişdir. Belə ki, proqram çərçivəsində 2005-2012-ci illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. Bu məktəblərin hər birində kitabxana, yeməkxana, müasir laboratoriya, ən son avadanlıqlarla təchiz edilmiş kompyuter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi mövcuddur. Təkcə bu tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 62 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilmişdir.

Təhsil siyasətində atılan addlmlar orta məktəblərlə məhdudlaşmır, eyni zamanda dövlətimiz ali təhsil müəssisələrinin əsaslı təmirinə, orada əldə olunan bilik və bacarıqların, təhsil mühitinin və şəraitinin beynəlxalq standartlarla ayaqlaşmasına xüsusi önəm verir. Bunun əyani göstəricisidir ki, Gəncədə Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, paytaxtımızda Azərbaycan Dövlət İqtisad Universitetinin yeni korpusu, ADA-nın yeni iki korpusu istifadəyə verilmişdir.

Bütün bu sadalanan amillər isə ölkə başçımız tərəfindən uzaqgörənliklə müəyyən edilən və 2004-cü ildə bəyan edilmiş "Qara qızıl"ı insan kapitalına çevirmək" strategiyasına bilavasitə xidmət edir. Əsas istiqamət isə bəllidir. Azərbaycanda həm təhsilin maddi-texniki bazasını möhkəmləndirmək, həm də onun keyfiyyətini artırmaq. Dövlətin təhsil siyasətinə göstərdiyi diqqət və qayğı qısa zaman kəsiyində öz müsbət nəticəsini verir. Belə ki, artıq Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda yüksək yerlər qazanırlar. Eyni zamanda, cəmiyyətdə müəllim peşəsinə maraq bərpa olunub və artmaqdadır. Nəinki paytaxt məktəbliləri, eyni zamanda region məktəbliləri qəbul imtahanlarında yüksək bal toplayırlar. Müəllimlərin həyat səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar olaraq onların əməkhaqları artırılmış və diaqnostik qiymətləndirmədən keçən müəllimlər yüksək maaş alırlar.

Dövlətin diqqətin mərkəzində saxladığı əsas məsələlərdən biri də gənclərin qloballaşmanın mənfi təsirlərindən qorunmasıdır. Heç şübhəsiz ki, bu məsələdə təhsil-məktəb və ailə amili xüsusi yerə və rola malikdir. Uşaqların, yeniyetmələrin xalqımıza, milli adət-ənənələrimizə zidd dəyərlərdən qorunmasında, gənclərə vətənpərvərlik, milli ruh aşılanmasında tədris mühitinin rolu böyük önəm daşıyır. Bu gün müəllimin missiyası ənənəvi dərs keçməklə məhdudlaşmamalıdır. Gənclərə müstəqilliyin əldə edilməsinin necə mürəkkəb bir proses olması, müstəqilliyin üstünlükləri, onu qorumağın vacibliyi və bu məsələdə gənc nəslin vəzifələrinin izah olunması, onların maarifləndirilməsi də müəllimlərin üzərinə düşən bir yükdür. Məhz bu sadalanan amilləri də nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev xalqın intellektual potensialının yüksəlməsini, gənclərin savadlı, bilikli, vətənpərvər və milli ruhda böyüməsini cəmiyyətin və dövlətin inkişafında müstəsna əhəmiyyətində görür, müstəqil dövlətimizi daha da inkişaf etdirəcək, onun müstəqilliyini qoruyacaq yeni nəslin formalaşdırılmasını başlıca vəzifələrdən biri hesab edir və bu istiqamətdə ardıcıl, məqsədyönlü, düşünülmüş siyasət həyata keçirir.

Dövlətimizin başçısının da qeyd etdiyi kimi, müasir dünyada hər bir ölkənin uğurlu inkişafını onun intellektual potensialı müəyyən edəcəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər yetirmək kifayətdir ki, bu ölkələrin məhz biliyin, savadın, texnologiyaların hesabına inkişaf etmiş ölkələr olduğunu görək. Bu gün dünya üçün yeni texnologiyaları təqdim edən, icad edən ölkələr inkişaf etmiş ölkələrdir və bu ölkələrin bir çoxunda təbii resurslar yoxdur. Ona görə, hər bir ölkənin inkişafı onun təbii resursları ilə ölçülmür və gələcəkdə bu, özünü daha da qabarıq şəkildə büruzə verəcək. Heç şübhəsiz ki, təhsilə qoyulan vəsait hər bir ölkənin gələcəyinə, müstəqilliyinə, təhlükəsizliyinə qoyulan vəsaitdir. Bu baxımdan da Azərbaycanda büdcə xərcləri arasında təhsil sahəsinə ayrılan xərclər ikinci yerdədir. Bunun isə səbəbi ölkəmizin müharibə şəraitində olmasıdır. Belə olmasa idi bu xərclər ilk yerdə olardı.

Qəbul imtahanlarında yüksək bal toplayan məzunların müəllimlik ixtisasını seçməsi, eyni zamanda cənab Prezidentin gənclərimizin biliklərə çox meyilli olmasını vurğulaması bir daha göstərir ki, həyata keçirilən işlər öz müsbət nəticəsini verməkdədir. Gələcəkdə ölkəmizi idarə etmək və layiqli şəkildə təmsil etmək üçün gənclərimizin bilikli, savadlı olması ən ümdə vəzifələrdən biridir. Çünki cənab Prezidentin də qeyd etdiyi kimi Azərbaycanın gələcəyi bu gün məktəblərdə, ali məktəblərdə oxuyan uşaqların, şagirdlərin, tələbələrin əlində olacaq və onların bilikləri, savadı bizim ölkəmizin gələcəyini şərtləndirəcək. Bundan əlavə gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda, milli ruhda, milli dəyərlər - ənənəvi Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdırlar. Burada isə düstur çox sadədir. Ailələrin rolu və bütün məktəblərdə müəllimlərin şagirdləri milli ruhda, ənənəvi dəyərlər ruhunda tərbiyə etmələri müstəsna əhəmiyyət kəsb edir.

O da qeyd olunmalıdır ki, bu günün reallığı olaraq koronavirus pandemiyası özü ilə bərabər həyatımıza öz yeni qaydalarının diktəsini də gətirmiş oldu. Yeni dərs ili bu il yeni formatda təşkil edildi ki, burada da əsas məqsəd şagirdləri, təhsil işçilərini və ümumilikdə vətəndaşlarımızı pandemiyadan qorumaqdır. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan dövlətinin atdığı düşünülmüş addımların nəticəsidir ki, pandemiyanın fəsadlarına, iqtisadi tənəzzülə, neft gəlirlərinin azalmasına baxmayaraq, ölkədə təhsil ocaqlarının tikintisi bu gün də davam etdirilir, heç bir sosial layihə ixtisar olunmur.

Şəbnəm HƏSƏNOVA, "SABAH" Qruplarının müəllimi, Politoloq

Trend.Az