"Avropol" Avropada iğtişaş və etirazlar barədə xəbərdarlıq edib

16 Sentyabr 2020 23:00

Koronavirus pandemiyası nəticəsində meydana gələn iqtisadi böhran və məhdudlaşdırıcı tədbirlər Avropada əhali arasında narazılıqlar yaradır və bu da öz növbəsində iğtişaş və güc tətbiqi ilə müşayiət olunan etirazlara yol aça bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə xəbərdarlığı Avropa Polis Agentliyinin (Avropol) ekspertləri qurumun Romada keçirilən iclasında səsləndiriblər. Qeyd edilib ki, zorakılığa meylli davranış və etirazlar təkcə ABŞ-da deyil, eləcə də Avropanın bir sıra ölkələrində də müşahidə olunmaqdadır. Polisə qarşı güc tətbiqi Niderland Krallığı, Fransa və Portuqaliyada artmaqdadır. Bu isə əhali arasında asayiş keşikçiləri və dövlət orqanlarına qarşı narazılığın aydın əlamətlərindəndir.

Koronavirus böhranı, mafia strukturlarının leqal iqtisadiyyata nüfuz etməsi və eləcə də dünyanın bir sıra regionlarında güc tətbiqinin artması toplantıda əsas müzakirə mövzusu olub. Həmçinin qeyd edilib ki, mütəşəkkil cinayətkar qrplar hazırki böhran vəziyyətindən öz mənfəətləri üçün yararlanmağa çalışırlar və mafioz qruplaşmalar Aİ-nin Yenidənqurma Proqramı (Recovery Fund) çərçivəsində iqtisadiyyata yardım üçün ayrılacaq vəsaitlərə də böyük maraq göstərirlər. Buna görə də qarşıdakı dövrdə həmin fondun vəsaitlərinin hansı istiqamətdə xərclənməsi maliyyə qurumları ilə yanaşı Avropolun da diqqət mərkəzində olacaq.

Milli.Az