İki ölkənin hökumətləri ikinci lokdaunu istisna etmirlər

16 Sentyabr 2020 14:43

Koronavirusa yoluxanların sayında kəskin artımın pandemiyanın ikinci dalğası barədə danışmağa imkan verdiyinə görə, bir sıra Balkan ölkələrinin, xüsusən də Monteneqro və Bosniya və Herseqovinanın səlahiyyətliləri lokdaunun yenidən tətbiqi imkanlarını ciddi şəkildə müzakirə edirlər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu iki ölkədə epidemioloji vəziyyət kəskin şəkildə pisləşir. Səlahiyyətlilər xəbərdar edirlər ki, lokdaun son addım olacaq, ancaq o da sürətlə yaxınlaşır. Monteneqronun Səhiyyə Nazirliyi sakinləri sosial məsafəni qorumağa, qoruyucu maskalardan istifadə etməyə, şəxsi gigiyenaya riayət etməyə və simptomlara ən kiçik şübhə olduqda evdə oturub test xidmətlərinin gəlişini gözləməyə çağırıb.

Bu günə olan məlumata görə, Monteneqro, 2085 aktiv xəstəsi ilə bölgədə kədərli rekordçudur. Bu isə hər 100 min əhaliyə orta hesabla 331 yoluxma deməkdir.

Bosniya və Herseqovinada vəziyyət bir az daha yaxşıdır, lakin yenə də narahatçılıq doğurur. Burada Səhiyyə Nazirliyi yaxın 10 gündə yeni xəstələrin sayındakı dəyişiklik əyrisinin kəskin şəkildə yüksələ biləcəyi barədə xəbərdarlıq edib.

Milli.Az