Gələcəkdən xəbərsiz bir qatar adam - Yerin altı üçün darıxanlar - FOTO

15 Sentyabr 2020 17:51

Pandemiya cəmiyyətin böyük əksəriyyətinin "yox", "belə olmaz", "istəmirəm", "əzab" hesab etdiyi problemlər üçün burnumuzun ucu göynəyəcək qədər darıxdırdı. 6 ayda həyatımızda, düşüncələrimizdə çox şeyi dəyişən pandemiyanın ən böyük töhfəsi də bu oldu. Getdikcə hər şeyin qədrini bilməyi, yaxşıyla pisi seçməyi, istirahətlə əzabı ayird etməyi öyrəndik desək yanılmaram.

180 gün öncə

Paytaxt əhalisinin mütləq əksəriyyəti işə, dərsə, görüşə getmək üçün metrodan istifadə edir. Hər kəs mənzil başına vaxtında çatmaq üçün hər qatara son şans kimi baxır. Öncə qapıdan içəri ayaq qoymaq üçün səndən yer istəyən xala, axırda əl çantasını sənin başına qoyur. Qatarın tuneldə iki dəqiqə dayanmasını faciəyə çevirdiyimiz günləri də unutmuram. Kondisioneri olmadığı üçün köhnə qatarlara minməyib, təzənin gəlməsini gözləyən sərnişinlərə də rast gəlinir. Pik saatlarda metronun dolu olduğunu görüb interval gecliyindən şikayətlənib, dodağının altında deyinə-deyinə "bu nə zülmdür" deyənlərdən biri də sənsən bəlkə, gələcəkdən xəbərsiz... Bu minvalla gəlib işə çıxıram. Kompüteri yandıranda bütün saytlarda ən çox qarşıma bir xəbər çıxdı - "Təhlükəli virus yayılır". Bizi yeni dünya ilə üz-üzə qoyan virus qısa zamanda ölkəmizə gəlib çıxdı. Dünyanın nəhəng dövlətlərinin belə qarşısında aciz duruma düşdüyü koronavirus təhlükəsinə görə ölkədə xüsusi karantin rejimi elan edildi. İctimai nəqliyyatla bağlı ən "sürpriz" qərar isə metronun bağlanılması qərar idi. Olacaqlardan xəbərsiz Operativ Qərargahın qərarları əsasında həyatımızı yaşamağa başladıq. 

Və sonra...

6-da işdən çıxıb "İçərişəhər"də M2 ekspress avtobusu gözləyirik. Ən azı 2 avtobus insan dayanacaqda bir M2 ümidi ilə yola boylanır. Dönəcəkdən qırmızı, hündür, yeni ekspress marşrut dayanacağa yaxınlaşdı. Hələ onun kondisioneri də var. İki avtobus insan bu avtobusa bir qapıdan minmək üçün hər gün döyüşür, söyüşür, sürtüşür, axırı ki, minir. Mahnının sözlərində deyildiyi kimi "uzun, incə bir yola çıxırıq". Mənzil başına metro ilə 20 dəqiqyə getdiyimiz yolu bu avtobuslarla hər axşam 70 dəqiqəyə gedirik. Basabas, əsəb-stress, amma kondisioneri var. Bu zillətlə 72 gün yaşamaq məcburiyyətində qaldıq.

Pis günün ömrü az olar

Yeni tədris ilinin başlaması ilə əlaqədar Operativ Qərargah dünəndən metronun fəaliyyətini bərpa etməsi barədə qərar verdi. Bu qərara ən çox sevinən də mən oldum, üzülən də. Sevindim ki, canım tıxaclardan qurtuldu, üzüldüm ki, daha metrodakı neqativ olaylara "buna da şükür" deyib dözəcəm. Çünki heç vaxt yerin üstündə yerin altı üçün bu qədər darıxmamışdım.

Təhməz Əsədov
Milli.Az