İlk portativ MRT aparatının sınağı keçirilib

17 Sentyabr 2020 08:55

ABŞ-ın "Hyperfine" texnoloji şirkəti maqnit rezonans tomoqrafiya (MRT) sisteminin ilk sınaqlarını keçirib. Eksperiment sübut edib ki, portativ qurğunun nəticələri onun tamölçülü analoqlarından geri qalmır. Yeni qurğu səmərəli olmaqla yanaşı, 10 dəfə yüngül və 35 dəfə az enerji sərf edir. Bundan başqa, texnologiyanın qiyməti adi MRT aparatından 20 dəfə ucuzdur.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu nəticələr ənənəvi maqnitlərin ölçüsünü xeyli kiçiltməyə imkan verən yeni texnologiyalar sayəsində mümkün olub. Belə ki, adi aparatlarda 1,5-3 Tesla gücündə maqnitlərdən istifadə olunduğu halda portativ "POC Hyperfine" tomoqrafı 0,064 Tesla gücündə maqnitlə işləyə bilir. Bu o deməkdir ki, onun enerji ilə təmin edilməsi üçün adi rozetka uyğunluq təşkil edir. Portativ MRT aparatının effektivliyinin təsdiqi üçün beynində şiş aşkarlanan 30 xəstə sınaqdan keçib. Testlər zamanı aparat onların 29-da anomaliya aşkarlayıb.

Hazırda klinik sınaqları aparılan yeni tomoqrafın effektivliyi təsdiqlənəcəyi təqdirdə həkimlər güclü diaqnostik alətlə təchiz ediləcək. Bu, müəyyən xəstəliklərə erkən diaqnozun qoyulması üçün kompakt MRT aparatını uzaq yerlərə daşımaq məqsədilə onu təcili yardım maşınlarına quraşdırmaq üçün perspektiv açacaq.

Milli.Az