"Bu gün Bakının bayramıdır, bu münasibətlə həm Azərbaycan, həm də Türkiyə xalqını təbrik edirəm" - Şamil Ayrım

15 Sentyabr 2020 14:11

Bu gün Bakının bayramıdır, bu münasibətlə həm Azərbaycan, həm də Türkiyə xalqını təbrik edirəm.

Milli.Az bildirir ki, bunu Trend-ə Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.

Ş.Ayrım bildirib ki, bu gün Türkiyə və Azərbaycan tarixində çox önəmli bir gündür:

"1918-ci ildə Azərbaycanın yardım istəməsi ilə Osmanlı dövləti tərəfindən yaradılan Qafqaz İslam Ordusunun komandanlığına 28 yaşlı Ənvər Paşa təyin edildi. Qafqaz İslam Ordusu öncə 25 may 1918-ci ildə Gəncəni azad etdi, daha sonra isə Azərbaycan korpusundan 1000 nəfər əlavə edilməklə 12 minlik ordu ilə Bakı işğaldan azad olundu. Qafqaz İslam Ordusu Bakının azadlığı uğrunda 1130 şəhid verdi".

Nuru Paşa Bakıda böyük coşqu ilə qarşılandı, Təzəpir məscidində minbərə çıxaraq xalqa xitab etdi. Bu gün bu minbər "Nuru Paşa minbəri" kimi xatırlanır və qorunur.

Mudros müqaviləsi imzalandıqdan sonra Qafqaz İslam Ordusu Bakını tərk etmək məcburiyyətində qaldı. Nuru Paşa o günləri belə xatırlayırdı: "Qardaşım Ənvər Paşanın şəhid olması qəlbimi nə qədər sızlatdısa, Azərbaycanın istilası qəlbimi ondan da çox sızlatdı. Azərbaycandakı türklük əbədidir və kaş ki, həyatımı itirsəydim də Azərbaycan Türkdən kənarda qalmayaydı".

Bu gün can Azərbaycanımız müstəqil bir dövlət olaraq Qafqazın parlayan bir ulduzu kimi gələcəyə sağlam addımlarla irəliləyir. 102 il bundan əvvəl Bakının azad edildiyi zaman olduğu kimi bu gün də eyni ruh və inamla can Azərbaycanımızla çiyin-çiyinə və tək ürəyik.

Türkiyə hər zaman Azərbaycanın yanında, Azərbaycan da Türkiyənin yanındadır. Ermənilərin Tovuz istiqamətindəki təxribatları və Aralıq dənizində Türkiyəyə qarşı oynanılan oyunlar zamanı Azərbaycan və Türkiyə qardaşlığı daha da möhkəmləndi. Yaşasın Azərbaycan, yaşasın Türkiyə!"

Milli.Az