Koronavirus pandemiyasının payız aylarında aktivləşəcəyi ilə əlaqədar proqnozlar öz təsdiqini tapmağa başlayır

16 Sentyabr 2020 07:00

Təəssüflər olsun ki, koronavirus pandemiyasının payız aylarında aktivləşəcəyi ilə əlaqədar proqnozlar öz təsdiqini tapmağa başlayır. Yay mövsümündə yoluxma sayının azaldığı ölkələrdə sentyabrda yenidən yoluxma sayında aktivləşmə qeydə alınmağa başladı. Cənubi Qafqaz regionunda ən az yoluxma faktı Gürcüstanda müşahidə edilirdi. Ölkədə ən çox yoluxmanın qeydə alındığı aprel ayında yeni növ koronavirus (COVID-19) infeksiyasına 34 nəfər tutulmuşdu. Sentyabrın əvvəllərindən isə yoluxma halında rekord göstəricilər qeydə alındı. Ölkədə bununla əlaqədar xüsusi tədbirlər görülməyə başlandı və bəzi məhdudiyyətlər tətbiq edildi. Qardaş Türkiyədə də yoluxma sayı kəskin şəkildə artmaqda davam edir. Digər qonşu ölkə Rusiya isə yoluxma sayına görə dünyada 4-cü yerdədir. Orada yoluxma sayı 1 milyondan çoxdur. Buna görə də karantin rejiminin bəzi qaydaları sərtləşdirilib.

Azərbaycanda isə avqusta nisbətən yoluxma sayında artım qeydə alınır. Vətəndaşlar qaydalara riayət etmədiyi, tibbi maska taxmağı təqdirdə yoluxmanın daha da artma ehtimalı var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu həkim-terapevt Samir Rüstəmov deyib.

Onun sözlərinə görə, virusa yoluxmamaq üçün immun sisteminin gücləndirilməsi çox vacibdir. Yoluxmadan qorunmaq üçün həmçinin yaxın təmasdan çəkinmək, kütləvi toplanma olan ərazilərindən uzaq durmaq, vaxtaşırı antiseptik məhlullarla dezinfeksiya olunmaq lazımdır.

Virusa yoluxub sağalanlar da mütləq maska taxmalıdırlar, çünki bir dəfə infeksiyaya yoluxmaq onları xəstəliyə təkrar yoluxmaqdan qətiyyən qorumur. Onların ağciyərlərində "buzlu şüşə" effekti yarandığı üçün ağciyərlər uzun müddətdən sonra bərpa olunsa da, həmin orqanlarda az da olsa, infeksiya ocaqları qalır. Onu da qeyd edim ki, həmin ocaqların həyati təhlükəsi yoxdur.

Milli.Az