Hava şəraiti kəskin dəyişir - Qar yağacaq - XƏBƏRDARLIQ

15 Sentyabr 2020 10:07

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 15-i axşamdan 16-sı axşamadək fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında sentyabrın 15-i günün ikinci yarısından 18-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, bəzi şimal və qərb rayonlarında intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Milli.Az