"Azərbaycanın müharibədən başqa çıxış yolu qalmayıb"

14 Sentyabr 2020 17:02

İşğalçı dövlətin apardığı siyasət ancaq bölgədəki gərginliyi qüvvədə saxlayıb, hətta onu artırmaqdan ibarətdir.

Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri Tofiq Abbasov son günlər Ermənistanın Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarında qeyri-qanuni məskunlaşdırma siyasətinin davam etdirməsi hadisəsini şərh edərkən deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti heç bir vəchlə qanunlara riayət etmək haqda düşünmür, üstəlik çalışır ki, münaqişə bölgəsində, ümumiyyətlə, Cənubi Qafqazda qaynar vəziyyət qüvvədə qalsın:

"Burada beynəlxalq təşkilatların, təchizatların, qurumların hamısının məlumatlı olması heç kimdə şübhə doğurmur. Çünki Azərbaycan diplomatiyası, Azərbaycanın ictimai qüvvələri, mediamız, camiyamız və s. hamısı bu proseslərlə bağlı kifayət qədər məlumatları yayırlar, bütün tərəflərin hamısını agah edirlər. O cümlədən Minsk qrupunun həmsədrləri, ATƏT, ATƏT-in Parlament Assambleyası və s. bu təşkilatların hamısı məlumatlıdırlar. Ancaq məsələ bundadır ki, bu təşkilatların, bu qurumların sanksiya tətbiq etmək mexanizmləri yoxdur. Ən yaxşı halda onlar qətnamələr qəbul edərək Ermənistanın bu addımlarını pisləyirlər və onu beynəlxalq hüquq normalarından irəli gələn tələblərə riayət etməyə dəvət edirlər. Amma biz görürük ki, bu azğınlaşmış erməni mentalizmi heç bir vəchlə qanunlara riayət etmək haqda düşünmür, digər tərəfdən də çalışır ki, münaqişə bölgəsində, ümumiyyətlə, Cənubi Qafqazda qaynar vəziyyət qüvvəsində qalsın və bunlar bütün dünyaya təqdim etsinlər ki, yəni sülh prosesi ilə burada heç bir şeyi həll etmək mümkün deyil, çünki ümumiyyətlə, sülh danışıqları üçün münbit şərait yetişməyib. Bu, Ermənistana nəyə görə lazımdır? Ermənistan bununla status-kvonu qoruyub saxlamaq istəyir. Onlar demoqrafik resurusunu qoruyub saxlaya bilmədən bunu edə bilməzlər".

Politoloq qeyd edib ki, Ermənistan əhalisinin böyük bir hissəsi Rusiyaya qaçmaq istəyir:

"Bu gün böyük bir kütlə Ermənistandan Rusiyaya keçməyə cəhd edir. Hətta Ermənistan parlamentinin nəzdində iki qrup yaradıblar. Deputatlardan ibarət qruplar ölkəni tərk etmək istəyən bu şəxslərlə görüşlər keçirib, onları yola gətirməyə çalışırlar ki, onlar ölkədə qalsınlar. Ancaq hələ ki, heç bir şey alınmır. Ermənistan ona görə də əvvəlcə Suriyadan istədi bunu etsin, indi də Livandan erməniləri Azərbaycanın işğal olunmuş torpaqlarına köçürdürlər. Təbii ki, bu addım beynəlxalq hüquq normalarına görə cinayətkar bir addımdır. Münaqişəli vəziyyətlərdə olan bütün bölgələrdə istənilən ordular gərək dinc vətəndaşların, sivil insanların keşiyində dursunlar, onlara zərbələr endirməsinlər, onları məhv etməsinlər. Ancaq Ermənistan ordusu bunu etmir və biz görürük ki, bu vəhşilikdən ibarət bir yanaşmadır, barbarcasına bir davranışdır. Ona görə də biz, ilk növbədə, bütün maraqlı tərəfləri, beynəlxalq təşkilatları, BMT-dən tutmuş ATƏT-ə qədər hamısını məlumatlandırmalıyıq. Əgər onların məlumatı varsa, deməli, biz özümüzü sığortalamış oluruq. Çünki istər-istəməz Ermənistanın indiki hərəkətləri, o cümlədən bu yaxınlarda Tovuz hadisələri göstərir ki, bu ölkə daima riskləri ifraz etməklə müharibə şəraitini alovlandırır, onu qaynar vəziyyətdə saxlamaq cəhdləri göstərir. Əgər sabah müharibə ssenarisi meydana gəlsə, onda dünya birliyi də bilməlidir ki, Azərbaycanın başqa çıxış yolu qalmayıb".

Təhməz Əsədov
Milli.Az