Lada Vesta Cross modeli "Black" versiyasına sahib olub - FOTO

20 Sentyabr 2020 23:58

AvtoVAZ şirkəti Vesta Cross sedanının və Vesta Cross SW universalının xüsusi "Black" versiyasının istehsalına başladığını elan edib. "Qara" versiyaların istehsalı İjevsk avtomobil zavodunda təşkil edilib.

Yeni "qara" versiyalar standart sedandan və universaldan eksteryer və interyerin tündləşdirilmiş tərtibatı ilə fərqlənir: bu dəstin tərkibinə parlaq qara rəngli dam və yan güzgü gövdələri, eləcə də, qara elementləri olan 17-düymlük təkər diskləri daxildir. İnteryerdə oturacaqların və tavanın üzlükləri qara rəngdədir. Avtomobilin xüsusi seriyaya aid olduğuna "Black" emblemləri işarə edir.

Vesta Cross Black sedan və Vesta Cross SW Black universalı tərkibinə qızdırılan ön şüşə, ön oturacaqlar və sükan çarxı daxil olan "qış" paketi ilə təchiz edilirlər. Yeni modifikasiyaların qiymətləri satışların başlanmasına yaxın elan ediləcəkdir.

Tezliklə daha iki Lada modeli "qara" versiyaya sahib olacaqdırlar: XRay Cross və 4x4 Urban. Bir neçə gün əvvəl avtomobil istehsalçısı Lada 4x4 Black ofrouderinin istehsalına başladığını elan edib.

Milli.Az