"Gülbahar ərinin ölümü ilə barışa bilmirdi"

14 Sentyabr 2020 17:55

Müğənni Nadir Qafarzadə yaxın dostu, qarmon ifaçısı Gülbahar Şükürlünün səhhəti haqda açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, xərçəngə yoluxan musiqiçi heç kimdən kömək qəbul etmir:

"Vəziyyəti heç də yaxşı deyil. Ailəvi dostumuzdur. Ona tez-tez baş çəkirəm. İndi şəhərdə deyiləm, amma gündə iki-üç dəfə zəng edib səhhətini soruşuram. Çox qürurlu qadındır, sənət dostlarının yardım etməsi ilə razılaşmır. İstəyir hər şeyi özü etsin. Ona çox təkliflər olub. İnsan hər şeyi açıb deyə bilmir. Deyəcəklər etdiklərini reklam edir. Hər zaman yanında olmağa çalışacam".

Qafarzadə bildirib ki, G.Şükürlü həyat yoldaşı Zakir bəyi itirdikdən sonra çətin günlər yaşayıb:

"Koronavirus infeksiyası ortaya çıxdı, karantin elan olundu. Sənət adamları ruhdan düşdü, fikir etdi. Biz ruh adamıyıq, yaradıcı insanı bir yerə qapatmaq, çərçivəyə salmaq olmaz. Gülbahar xanımı da bütün bunlar sarsıtdı. Eyni zamanda yoldaşının da ölümü ona pis təsir etdi. Ərinin ölümü ilə barışa bilmirdi. Bunlar hamısı onun səhhətinə təsir etdi".

Qeyd edək ki, "Qafqazinfo" saytı G.Şükürlünün beynində şiş aşkarlandığını yazıb. Səhhəti pisləşən musiqiçi yaddaşını itirib.

G.Şükürlünün həyat yoldaşı 2018-ci ildə dünyasını dəyişib.

Milli.Az