Azərbaycanda ilk dəfə “Peşəkar Boks Gecəsi" keçirilib - FOTO - VİDEO

14 Sentyabr 2020 20:12

Azərbaycan Peşəkar Boks Federasiyasının icazəsi və nəzarəti ilə ölkədə və xaricdə peşəkar boks döyüşlərinin keçirilməsi və Azərbaycan boksçularının beynəlxalq arenada tanıtımı ilə məşğul olan Baku Fight Lab promouter şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Peşəkar Boks Gecəsi" keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Boks Gecəsi"ndə ölkənin 16 peşəkar boksçusu çıxış edib. Döyüşlərdə peşəkar rinqdə təcrübəsi olan boksçularla yanaşı, həvəskar karyerasında nailiyyətləri olan və peşəkar rinqdə debüt edən idmançılar da iştirak edib. Döyüşlərin qaydalara uyğun keçirilməsi Azərbaycan Peşəkar Boks Federasiyası tərəfindən idarə edilib. Nəticələr Boxrec tərəfindən beynəlxalq boks statistikasında qeydə alınıb və bu qaliblərin karyerasında mühüm pilləyə çevriləcək.

"Azərbaycan Peşəkar Boks Federasiyası bu sahənin inkişafı üçün müxtəlif işlər həyata keçirir. Fevralda ölkədə ilk dəfə Dünya Boks Şurası (WBC) ilə beynəlxalq təlimlər keçirmişdik. Hazırda isə promouter şirkəti ilə əməkdaşlıq nəticəsində "Peşəkar Boks Gecəsi" keçirilib. Bunlar mühüm nailiyyətlərdir və bu kimi işlər davam edəcək. Məqsədimiz peşəkar boksçularımızın inkişafı, beynəlxalq arenada uğur qazanması və bu idman sahəsində ölkəmizin tanınmasıdır", - deyərək Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Artyom Həsənov bildirib.

Tədbirin təşkilində Azərbaycan Peşəkar Boks Federasiyasının prezidenti Artyom Həsənovun, 1-ci vitse-prezidenti Fərhad Acalovun, baş katibi Orxan Muxtarovun və ölkənin peşəkar boks promouteri Ziya Əliyevin xüsusi əməyi olub.

"Peşəkar Boks Gecəsi" açıq havada, tamaşaçılar olmadan, xüsusi karantin rejiminin bütün tələblərinə və təhlükəsizlik qaydalarına riayət olunmaqla keçirilib. Döyüşlərin keçirildiyi ərazi tədbirdən öncə və gedişatı boyu mütəxəssislər tərəfindən dezinfeksiya edilib. Bütün iştirakçılar - boksçular, məşqçilər, federasiya nümayəndələri, təşkilat komandası və bütün texniki heyət qoruyucu maskalardan və dezinfeksiya vasitələrindən istifadə edib.

Tədbir "Nar" mobil operatorunun və Azərbaycanda "Zontes" motosikletlərinin satışı və servis xidmətini həyata keçirən "Zontes Baku"nun sponsorluğu, müxtəlif idman növlərinin inkişafında mühüm rol oynayan, həvəskar idmana peşəkar yanaşma devizi ilə çalışan "Azfar Group"un və "İydə" parfümeriya evinin təşkilati dəstəyi ilə keçirilib.

"Peşəkar Boks Gecəsi" 18 sentyabr, 21:00-da eksklüziv olaraq CBC Sport telekanalında yayımlanacaq.

Qısa videoçarxı təqdim edirik: https://www.youtube.com/watch?v=vEazo1Lb0EQ

Milli.Az