İtaliyada 90 min turizm və qastronomiya obyekti koronavirus böhranına görə bağlanıb

14 Sentyabr 2020 07:28

İtaliyada 90 min otel, turizm sektoruna aid ticarət obyekti, kafe, restoran və bar koronavirus böhranı ilə əlaqədar fəaliyyətlərini dayandırmalı olub. Əgər qarşıdakı aylarda dövriyyələrində yüksəliş olmasa, o zaman daha 600 min obyekti eyni aqibət gözləyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumat İtaliyanın Milli Ticarət Assosiasiyası "Confesercenti" tərəfindən aparılan araşdırmada əksini tapıb. Araşdırmada qeyd edilib ki, turizm və qastronomiya sahəsində fəaliyyət göstərən yarım milyon müəssisə işçiləri ixtisara salmaq və onların iş saatını azaltmaq məcburiyyətində qalıb. Assosiasiyanın üzvləri arasında aparılan sorğunun nəticələrinə görə, turizm obyektlərinin artıq yeddi faizi iflasa uğrayıb, hazırda isə hər iki müəssisədən biri belə bir təhlükə ilə üz-üzədir.

Kafe, restoran və barlar artıq qarşıdakı payız mövsümünü qorxu ilə gözləyirlər. Havaların soyuması ilə açıq havada müştərilərə xidmətin mümkün olmayacağını nəzərə aldıqda, qapalı məkanlardakı müştərilərin sayı da əvvəlki səviyyədə olmaya bilər. Yuxarıda qeyd edilən müəssisələrlə yanaşı, asudə vaxtın təşkili, mədəniyyət və idman obyektləri də böhrandan əziyyət çəkir.

Assosiasiyanın məlumatına əsasən, Şimali İtaliya regionlarında vəziyyət Cənubi İtaliya ilə müqayisədə nisbətən yaxşı hesab edilə bilər.

Qeyd edək ki, turizm sektoru İtaliyanın ümumi daxili məhsulunun 13 faizini təşkil edir və hər il milyonlarla turist bu ölkəyə səfər edir.

Milli.Az