Bakıda sosial şəbəkə kütləvi davaya səbəb oldu, ölən və yaralananlar var - YENİLƏNİB

28 Dekabr 2011 19:05
28.XII.2011
19:05

Bakının Nərimanov rayonunda ötən gün törədilmiş qanlı hadisənin təfərrüatları məlum olub. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, qanlı hadisəyə səbəb, İradə adlı qızın Facebook sosial şəbəkəsindəki səhifəsində yerlədirilmiş şəklinə yazılmış rəy səbəb olub.

Hazırda ailə həyatı qurmuş İradə adlı qızın Facebook səhifəsində olan şəklinə keçmiş nişanlısı Vahid rəy bildirib. Qızın hazırkı əri olan Namiq Məmmədov Vahidin qardaşı Natiqin yanına gedərək, onun telefon nömrəsini söruşub. Natiq isə Vahidin nömrəsini alaraq, qardaşına verəcəyinə söz verib. Bundan sonra Namiq Vahidə zəng edərək onu "Kral" şadlıq sarayının yaxınlığına "razborka"ya çağırıb. Namiq həmin yerə qaynı Hilal Qasımovla gəlib. Namiqlə Vahid ailə məsələsi olduğundan kənara çəkilərək söhbət edən zaman Vahidin tanışı Orxan Aslanov söhbətə müdaxilə etmək istəyib. H.Qasımov ona söhbətə qarışmamağı məsləhət görüb və elə dava da bundan sonra düşüb.

Dava zamanı Vahid və tanışları Namiq tərəfin adamlarını möhkəm döyüblər. Sonra ara sakitləşib, onlar aralanıblar. Məhləsinə gedən zaman, məhlə uşaqları O.Aslanovun başını qanlı görüb yenidən dava etmək üçün qarşı tərəflə görüşüblər. Bu dəfəki davada isə Vahidin tanışları getdiyindən, onlar az olublar. Tərəflər arasında ikinci dava başlayıb. Orxanın məhlə uşağı olan qaydasız döyüş üzrə 4 qat ölkə çempionu Azər İsmayılov araya girib. Bu zaman Namiq tərəfdən davada iştirak edən mərhum İbrahim Yəhyayev Azəri təpiklə başından vurub. Əsəbləşən Azər onu möhkəm döyüb. Bu zaman İbrahim Azərə bıçaq atıb. Əlindən xəsarət alan Azər bıçağı ondan alaraq, İbrahimə və Elman Hacıbəyova vurub.

Baş Prokurorluq da qanlı hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Qurumun mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, 27 dekabr 2011-ci il tarixdə saat 14:00 radələrində Nərimanov rayonu H.Əliyev küçəsi 53 ünvanında yerləşən yaşayış binasının yaxınlığında Bədəlov Namiq Nizami oğlu, qohumu Qasımov Hilal Nadir oğlu, tanışları Yəhyayev İbrahim Zakir oğlu, Aslanov Orxan Hikmət oğlu, Hacıbabayev Elman Arif oğlu və şəxsiyyəti istintaqa məlum olmayan "Rahib" adlı şəxslə birlikdə Məmmədov Faiq Tofiq oğlu, sonuncunun qardaşı Məmmədov Natiq Tofiq oğlu, İsmayılov Azər Mufit oğlu və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə internet şəbəkəsi vasitəsilə yazışma zamanı aralarında yaranmış narazılıqla bağlı qabaqcadan razılaşmaqla qeyd olunan ünvanda görüşüblər.

 Bu zaman aralarında yaranmış mübahisə nəticəsində 1989-cu il təvəllüdlü Azər İsmayılov xuliqanlıq niyyəti ilə özündə olan bıçaqla 1989-cu il təvəllüdlü İbrahim Yəhyayevin bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı kəsici-deşici xəsarətlər yetirməklə qəsdən həyatdan məhrum edib. Bundan başqa o, 1986-cı il təvəllüdlü Elman Hacıbabayevə də xəsarət yetirib.

Fakta görə, həmin tarixdə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə), 221.2.1 və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanaraq rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Azər İsmayılov, Orxan Aslanov və Natiq Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar. Hazırda şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərin müəyyən edilməsi və onların qeyd olunan cinayətdə iştiraklarının olub-olmaması istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

----------
12:39

Bakının Nərimanov rayonunda ötən gün törədilmiş qanlı hadisə ilə bağlı rəsmi açıqlama verildi. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, dekabrın 27-də Nərimanov rayonu ərazisində şəhər sakinləri Faiq Məmmədov, qardaşı Natiq, Azər İsmayılov ilə İbrahim Yəhyayev, Elman Hacıbabayev, Orxan Aslanov arasında münaqişə baş verib.

Bu zaman A.İsmayılov bıçaqla İ.Yəhyayevə və E.Hacıbabayevə sol döş qəfəs nahiyələrindən daxilə nüfuz edən xəsarətlər yetirib. İ.Yəhyayev və E.Hacıbabayev xəstəxanaya yerləşdiriliblər.

İbrahim orada ölüb, Elmanın vəziyyəti isə orta-ağırdır. Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.İsmayılov tutulub.

----------
11:08

Ötən gün Bakının Nərimanov rayonunda ölümlə nəticələnən davanın təfərrüatları məlum olub. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına bildirildi ki, qanlı hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı Azər İsmayılov ilkin ifadəsində törətdiyi əməli etiraf edib.

Onun ifadəsindən sonra qanlı davanın qız üstündə baş verdiyi məlum olub. Hadisənin detalları açıqlanmır. Azər İsmayılovdan başqa, daha iki nəfər də saxlanılıb, digər 4 nəfərin tutulması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, ötən gün paytaxtın Nərimanov rayonunda bir qrup gənc arasında ölümlə və ağır yaralanma ilə nəticələnən kütləvi dava baş vermişdi. Rayonun Həsən Əliyev küçəsində qeydə alınmış hadisə zamanı 25 yaşlı Elman Hacıbabayev və 22 yaşlı İbrahim Yəhyayev ağır xəsarətlərlə xəstəxanaya çatdırılmış, həkimlərin səyinə baxmayaraq ürək nahiyəsindən bir neçə bıçaq xəsarəti alan İbrahim Yəhyayevin həyatını xilas etmək mümkün olmamışdı. Digər yaralı Elman Hacıbabayevin vəziyyəti isə ağır olaraq qalır.

-----------------
27.XII.2011
16:20

Bakının Nərimanov rayonu ərazisində qətl hadisəsi törədilib. Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, gənc oğlan "Kral" şadlıq evinin qarşısında qətlə yetirilib.

Qanlı hadisə bu gün saat 14:00 radələrində baş verib. Naməlum şəxs 22 yaşlı İbrahim Yəhyayevi ürəyindən bıçaqlayıb. Yaralı 1 saylı Şəhər Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümükün olmayıb.

Hazırda hadisə yeriondə polis və prokurorluq əməkdaşları araşdırma aparırlar.

Anar Məmmədov
Milli.Az