“Snapdragon 690” prosessoru ilə təchiz edilən ilk smartfon hansıdır?

15 Sentyabr 2020 08:55

"Sharp" korporasiyası beşinci nəsil mobil rabitə şəbəkəsini dəstəkləyən orta səviyyəli "Aquos Sense 5G" smartfonunu nümayiş etdirib. Bu, "Qualcomm Snapdragon 690" prosessoruna malik dünyada ilk kommersiya qurğusudur.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, çipə 2,0 takt tezlikli səkkiz "Kryo 560" hesablama nüvəsi, "Adreno 619L" qrafik sürətləndiricisi və "Snapdragon X51 5G" mobil modemi daxildir. Prosessor smartfonun tərkibində 4 giqabaytlıq operativ yaddaşla birlikdə işləyir.
 
Məlumata görə, "Sharp Aquos Sense 5G" 2280 × 1080 piksel təsvir ölçülü 5,5 düym diaqonallı "IGZO" ekranı ilə təchiz edilib. Displeyin yuxarı hissəsində f/2,2 maksimal diafraqmalı 8 meqapikselli ön kamera üçün kiçik kəsik nəzərdə tutulub.
   
Əsas kamera üçkomponentli konfiqurasiyaya malikdir. Bu, f/2,0 maksimal diafraqmalı 12 meqapikselli blok, enlibucaqlı (121 dərəcə) optikaya malik 12 meqapikselli modul və 8 meqapikselli teleobyektivdir.
 
Qurğu 64 giqabaytlıq quraşdırılmış yaddaş, "Wi-Fi 802.11ac" və "Bluetooth 5.1" simsiz rabitə adapterləri, "NFC" kontrolleri, "USB Type-C" portu, daktiloskopik skaner və 4570 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Qabaritlər 148 × 71 × 8,9 millimetr, çəki 180 qram təşkil edir.
 
"Sharp Aquos Sense 5G" modeli prosessorla yanaşı, "Android 11" əməliyyat sistemli ilk smartfonlardan biri olması ilə seçilir. Smartfonun korpusu "IP65/68" standartı üzrə suyadavamlıdır.

Milli.Az