Səud ailəsinin iki üzvü 11 Sentyabr hadisələrinə görə ifadə verəcək

13 Sentyabr 2020 16:02

Səudiyyə Ərəbistanının krallıq ailəsinin iki üzvü 2001-ci ilin sentyabr ayının 11-də baş verən terror hadisəsinə görə ABŞ məhkəməsinə ifadə verməli olacaqlar.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ABŞ Federal məhkəməsinin hakimi Sara Netbern bununla bağlı xüsusi qərar çıxarıb. Sənəddə iki şahzadədən başqa, Səudiyyə Ərəbistanında vaxtilə yüksək vəzifələr tutmuş şəxslərin də yazılı izahatlarına baş vurulacağı göstərilib.

Mətbuat həmin şahzadələrdən birinin adını müəyyənlədirib. Söhbət 1983-2005-ci illərdə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri, 2005-ci ildən Milli təhlükəsizlik şurasının baş katibi, 2012-2014-cü illərdə Ümumi kəşfiyyat xidmətinin direktoru olmuş şahzadə Bəndər bin Sultan Əl-Səuddan gedir.

Prosesə iddiaçı tərəf olaraq daxil olan terror hadisəsinin qurbanlarının yaxınları, Səudiyyə Ərəbistanı agentlərinin Əl-Qaidə təşkilatı və onun lideri Usama bin Ladeni dəstəklədiklərini bildirirlər. İşlə əlaqədar onlar rəsmi ər-Riyaddan milyardlarla dollar təzminat tələb edirlər.

Milli.Az