3 turistin öldüyü qəza ilə bağlı məhkəmə davam edir

13 Sentyabr 2020 15:23

Bakıda əcnəbi vətəndaşların öldüyü qəzaya görə həbs edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Mehman Ağayev və Habil Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İşə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılır.

Hadisə Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisində baş verib.

1974-cü il təvəllüdlü Habil Mirzəyevin idarə etdiyi "Toyota" markalı, 10-NK-170 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, 1992-ci il təvəllüdlü Mehman Ağayevin idarə etdiyi "Ford" markalı, 90-ZS-968 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində "Ford" markalı avtomobilin sərnişinləri, Hindistan Respublikası vətəndaşları Cayachandran Racendra, Madhavan Muthukumar və Maruthamuthu Gopal hadisə yerində vəfat edib.

Digər sərnişinlər Banqladeş Respublikası vətəndaşları Ruhula Amin, Allan Zahangir, Muhammel Arşad və "Toyota" markalı avtomobilin sərnişini Qızılgül İbrahimova xəsarət alıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az