Çinin avtomobil bazarı canlanır

13 Sentyabr 2020 08:11

Çinin son 2 ildə zəifləyən, cari ilin birinci rübündə isə COVID-19 pandemiyası səbəbindən xeyli geriləyən avtomobil satışları çoxalmağa başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, avqustda avtomobil satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz çoxalaraq 2,19 milyona çatıb. Elektrik mühərrikli avtomobillər də daxil olmaqla "yaşıl avtomobil"lərin satışında isə 25,8 faizlik artım qeydə alınıb.

Assosiasiyanın məlumatına əsasən, ilin 8 ayında Çində 14,4 milyon avtomobil istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz azdır. Hesabat dövründə avtomobil satışı da müvafiq olaraq 9,7 faiz azalıb.

Çində COVID-19 infeksiyasına yoluxma hallarının əhəmiyyətli dərəcədə azalması və paralel olaraq hökumətin təşviqedici tədbirləri sayəsində avtomobil bazarının canlanması iqtisadiyyatın bərpasına müsbət təsir edir.

Qeyd edək ki, 18 il ardıcıl artımın ardından son 2 ildə dünyanın ən böyük avtomobil bazarı olan Çində avtomobil satışlarında azalma müşahidə olunur. 2018-ci ildə satış əvvəlki illə müqayisədə 2,8 faiz, ötən il isə 8,2 faiz azalıb. Cari ilin birinci rübündə pandemiya səbəbindən ölkədə həm istehsal, həm də satış xeyli azalmışdı.

Milli.Az