Əfqanıstan höküməti ilə Taliban tarixi sülh razılığı ilə bağlı danışıqlara başlayıblar

12 Sentyabr 2020 19:41

Birləşmiş Ştatlar şənbə günü Əfqanıstanın iki düşmən fraksiyasını ilk birbaşa sülh danışıqları aparmağa təşviq edib. Məqsəd "ziddiyətli düşüncələrin" nəzərə alındığı hakimiyyətin bölgüsü ilə bağlı razılıq əldə etmək və ölkədə onillərdir davam edən qırğına son qoymaqdır.

ABŞ-ın dövlət katibi Mayk Pompeo bu barədə Qətərin Doha şəhərində ABŞ-ın vasitəçiliyi ilə əldə olunan və Taliban qiyamçıları ilə Əfqanıstan höküməti arasında danışıqların başlanğıcını qeyd edən xüsusi mərasimdə danışıb.

"Bu həqiqətən də əlamətdar bir hadisədir. Əfqanlar nəhayət ki, bir araya gəlib, ölkə üçün yeni kurs müəyyən etməyə qərar veriblər. Bu, ümid yaradan bir məqamdır," Pompeo bildirib.

O xəbərdarlıq edib ki, əfqanlar arasında danışıqlar onillər boyu davam edən ixtilaflar səbəbilə "şübhəsiz ki, bir çox çətinliklərlə qarşılacaşaq," amma tərəflər Əfqanıstan tarixinin növbəti bölməsini yazmaq imkanını əldən buraxmamaq üçün "səbrli olmalıdırlar."

"Biz ümid edirik ki, bu bölmə barışıq və irəliləyişdən ibarət olmalıdır, göz yaşı və qan deyil. Biz sizi zorakılıqdan və korrupsiyadan uzaqlaşaraq sülh və firavanlığa doğru aparan qərarlar verməyə çağırırıq," Pompeo qeyd edib.

Amerikanın baş diplomatı qeyd edib ki, ABŞ-ın Talibanla fevralın 29-da əldə etdiyi razılıq şənbə günü Əfqanıstanın müharibə aparan tərəfləri arasında danışıqların başlamasına zəmin yaradıb.

Ölkələrini idarə etmək üçün siyasi sistemi yalnız əfqanların müəyyən etməli olduqlarını söyləyən Pompeo əlavə edib ki, o, danışıqlarda əldə olunan nəticələrin bütün əfqanların haqlarına hörmət bəsləyəcəyinə və son 20 ildə əldə olunan sosial irəliləyişi qoruyacağına ümid edir.

"Qərarları verərkən, unutmayın ki, sizin seçimləriniz və davranışlarınız ABŞ-ın gələcək yardımlarına təsir göstərəcək. Biz ümid edirik ki, siz davamlı sülh əldə edəcəksiniz və bizim məqsədimiz sizinlə davamlı əməkdaşlıq etməkdir," o deyib.

Əfqanıstan nümayəndə heyətinin lideri Abdullah Abdullah açılış mərasimində bildirib ki, onun komandası Dohaya "xeyirxah münasibət və xoş niyyətlə" Talibanla 40 ildir davam edən qırğınlara son qoymaq üçün gəlib.

Talibanın nümayəndə heyətinin başçısı Molla Əbdül Qani Bəradar öz çıxışında qiyamçı komandanın əfqanlar arası danışıqlara "tam səmimiyyətlə" daxil olduğunu bildirib və hər iki tərəfin təmkinlə addımlamalı olduğunun vacibliyini vurğulayıb.

Pompeo daha sonra Bəradar və Abdullah və onların komandaları ilə ayrı görüşlər keçirib.

Milli.Az