İmişlidə orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlanıb

12 Sentyabr 2020 18:00

İmişlidə arxeoloqlar tərəfindən aparılan qazıntı işləri zamanı orta əsrə aid gözətçi qalasının qalıqları aşkar edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ekspedisiyanın rəhbəri, AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun Tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev məlumat verib. Ekspedisiya rəhbəri qeyd edib ki, Qızıl Təpə adlı qədim yaşayış məskənində tapılan izlərin 800 il yaşı olduğu ehtimal edilir. Qızıl Təpə yaşayış məskəni müxtəlif tarixi dövrləri əhatə edən abidədir. Şirvanşahlar dövlətindən Səfəvilərə qədər, həmçinin Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanında bu ərazidə intensiv yaşayış məskənləri olub. Bu kimi təpələr həmin dövrlər üçün əlverişli yüksəkliklər hesab edilib. Çünki bu qalalar üzərində inşa edilən gözətçi məntəqələri, baş verə  biləcək hücumların əvvəlcədən qarşısının alınmasında əhəmiyyətli rol oynayıb. Monqol yürüşləri zamanı bu ərazilər dağıntılara məruz qalsa da, Əmir Teymurun səfəri zamanı yenidən bərpa işləri aparılıb. Eyni zamanda buranı təpə yox, möhtəşəm qəsr hesab etmək olar. Çünki ərazisi 4 hektardan çox olan yerin unikallığı su hövzəsi ilə əhatə olunmasıdır. Əraziyə giriş isə tam məhduddur və yalnız bir istiqamətdən abidəyə daxil olmaq mümkündür. Bu da onu deməyə əsas verir ki, Qızıl Təpə qorunan qala olub. İlk dəfə Qızıl Təpədə 2018-ci ildə aparılan arxeoloji qazıntılar zamanı ərazidə Kür-Araz mədəniyyətindən, yəni bizim eradan əvvəl 3-4-cü minillikdən orta əsrə qədər uzanan tarixi mədəniyyət nümunələri aşkar edilib. Burada gil və bişmiş kərpiclərdən ibarət hörgülər də üzə çıxıb. Bu dəfəki qazıntı isə Titadil adlandırılan hissədə aparılır. Qazıntı 200 kvadratmetri əhatə edir. Qazıntı zamanı hörgü divarlarının davamı üzə çıxıb. Həmçinin müxtəlif ocaq izləri, təndir tikililərinin qalıqları və dirəklərin olması bir daha onu göstərir ki, bu ərazi yaşayış məskəni olaraq qorunan bir yer olub. İzlər əsasən orta əsri əhatə edir.

AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun baş laborantı Nərmin Bayramova deyir ki, ərazidə xeyli sayda maddi mədəniyyət nümunələri də üzə çıxıb. Burada şirəli və şirəsiz qab qalıqları, həmçinin üzəri naxışlı saxsı əşyalar tapılıb.

Hazırda təpədə qazıntı işləri davam etdirilir. Tarixi abidənin alt təbəqələrində daha qədim dövrlərə aid izlərin olduğu bildirilir.

Milli.Az