Koronavirusdan sağalmaqla bitmir: COVID-19-un gətirdiyi 15 problem

13 Sentyabr 2020 20:40

COVID-19 xəstəliyinə düçar olanlar bir müddət sonra sağalsalar belə, xəstəliyin bəzi simptomları uzun müddət qala bilər.

Milli.Az xəbər verir ki, bu istiqamətdə Böyük Britaniyanın London İmperial Kolleci araşdırma aparıb.

60 min COVID-19 xəstəsi üzərində aparılan "Uzunmüddətli COVID" adlı araşdırma nəticəsində xəstəliyin 15 simptomunun orqanizmdə qaldığı aşkarlanıb.

Saç tökülməsi - yaxın zamanda xəstəlikdən sağalan 1500 nəfərin qatıldığı araşdırmada hər 4 nəfərdən 1-də bu problem olub. Saçla yanaşı qaş və kirpikdə də tökülmələr olub.

İshal - iyun ayında ABŞ-da COVID-19 xəstəliyinin simptomlarından biri kimi qeydə alınan bu problem insanların işə geri qaydışına hələ də mane olur.

Yorğunluq - Diaqnoz qoyularkən nəzərə çarpan ilkin əlamətlərdən biri olan yorğunluq xəstəlikdən sonra da davam edir.

Döş qəfəsində ağrı - Koronavirus ağciyərlərə hücum edən infeksiya olduğu üçün bir çox insanda döş qəfəsi ağrısı normal qarşılanır. Lakin "Uzunmüddətli COVID" yaşayan şəxslərdə pilləkən çıxarkən, gəzərkən belə bu simptom büruzə verir.

Yuxusuzluq - Mart ayında İngiltərədə aparılan araşdırma pandemiyanın səbəb olduğu yuxusuzluq sindromunu ortaya qoyub.

Halisunasiya - Koronavirusdan sağalanlarda fərdlərin zehnində var olmayan şeyləri görməsi, eşitməsi, qoxulaması, dadması və ya hiss etməsi anlamına gələn halisunasiya meydana gəldiyi müəyyən edilib. Araşdırmaçılar bu simptomun istifadə edilən dərmanlardan qaynaqlandığını bildirir.

Ayaq barmaqlarında şiş - COVID-19 xəstələrini müalicə edən tibb işçiləri bu simptomu tez-tez aşkarlayıb. Sözügedən durum daha çox uşaqlarda yaşanıb.

Üşütmə və titrəmə - Koronavirus xəstələrinin daim üşütməsi və titrəməsinin qızdırma səbəbilə yaşandığı bildirilir.

Ruhi və sinir xəstəlikləri - həkimlər xəstəliyi şiddətli keçirənlərdə bu tip problemlərə daha çox rast gəlib.

İdrak problemləri - hafizə itkisi, diqqət dağınıqlığı, başqalarını anlamaqda çətinlik çəkmək gənc və yaşlı "Uzunmüddətli COVID" xəstələrinin daha bir problemidir.

Tənəffüs problemləri - infeksiya ağciyərlərə birbaşa daxil olduğu üçün bu simptomun yaranması olduqca yüksək ehtimaldır. Lakin çox xəstə sağalandan sonra yenidən bu problemə görə həkimə müraciət edir.

Əzələ və bədən ağrıları - idman zallarında uzun müddət vaxt keçirdikdən sonra hiss edilən bu ağrılar COVID-19 xəstələrində tez-tez yaşanır.

Taxikardiya - bu, insanın istirahət halında ikən ürəyin normadan daha sürətli döyündüyü aritmiya problemidir. Mütəxəssislər bu çərçivədə "Uzunmüddətli COVID" yaşayan idmançıların ciddi və ya qalıcı ürək problemləri ilə üzləşə biləcəyini ehtimal edir.

Qusma - bu simptoma çox xəstədə rast gəlinmir.

Aritmiya - ürəyin sürətlə və ya çox yavaş, nizamsız şəkildə döyünməsi xəstəliyi ağır keçirənlərdə daha çox olur. (publika.az)

Milli.Az