Allahın xüsusi bəndələrini fərqləndirən cəhətlər

12 Sentyabr 2020 23:45

"Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman "salam" (xoş və yumşaq söz) deyən kəslərdir". ("Furqan" 63).

Uca Allah bu mübarək ayədə Öz xüsusi bəndələrinin sifətlərini açıqlamış və onları mədh etmişdir. Allah bu insanların iki mühüm sifətini bizlərə tanıtmışdır.

1. Yer üzərində təkəbbürlə yol getməzlər. Allahın xüsusi bəndələri o kəslərdir ki, özlərini rəzil sifət olan təkəbbürdən və lovğalıqdan uzaq tutarlar. Yer üzərində təvazökarcasına yol gedərlər. Təvazökarlıq - həqiqi möminlərin bariz sifətlərindəndir. Həzrət Peyğəmbər (s) buyurur: "Bəndəlikdə ən üstün insanlar o kəslərdir ki, böyük olduqları halda təvazö edərlər".

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Təvazökarlıq insanın ucalmasını artırar. Ona görə də təvazö edin ki, Allah sizi ucaltsın".

2. Başqaları ilə yaxşı rəftar edərlər. Allahın xüsusi bəndələrinin başqa sifəti odur ki, başqaları ilə yaxşı rəftar edərlər. Onlar nadanla qarşılan zaman onlar kimi rəftar etməzlər. Əksinə, onlarla ən yaxşı şəkildə rəftar edərlər. (Beytutə)

Bu insanların başqa xüsusiyyətləri də vardır ki, onlarla tanış olaq:

1. Allahla rabitə qurmaq üçün xüsusi zamanları vardır. "Və o kəslər(dir) ki, gecəni Rəbblərinin qarşısında səcdə edən və dayanan halda gündüz edərlər". ("Furqan" 64).

2. İnfaq əhlidirlər, ancaq israf etməzlər. "Və o kəslər ki, (Allah yolunda) xərcləyən zaman nə israf edərək həddi aşar, nə də simiclik göstərərək həddən aşağı enərlər, (onların əməli) bu iki yolun arasında orta həddə və ədalətli olar". ("Furqan" 67).

3. Allaha mütidirlər. "Və o kəslər ki, Allahla birgə başqa məbud çağırmır, Allahın möhtərəm və toxunulmaz etdiyi canı (qisas, şər'I cəza və sairə kimi) haqq (qətllər) istisna olmaqla öldürmür və zina etmirlər. Kim bunları etsə, (ağır) bir cəza ilə qarşılaşar". ("Furqan" 68).

Milli.Az