Uşaq tərbiyəsində ən effektiv metod hansıdır?

12 Sentyabr 2020 19:50

İnsanı tərbiyə etməzdən əvvəl, onun ruhi və psixoloji ehtiyaclarını öyrənmək lazımdır.

Qurani-Kərim bizlərə bu yolda tövsiyələr verir və yollar göstərir.

"Həqiqətən bu Qur'an (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir". "İsra" 9).

Baxmayaraq ki, Quran birbaşa uşaq tərbiyəsindən söz açmamışdır, ancaq bəzi Quran dastanları bu mövzunu bizə aydın şəkildə izah etmişdir.

İnsan adətən nümunə və örnək götürməyi sevən varlıqdır. Ona görə də tərbiyə sahəsində hər nə qədər əməli tərbiyə daha çox olarsa, təsiri də daha çox olar. Uşaq tərbiyəsi adətən nümunə və örnək götürmək yolu ilə başlayar. Çünki uşaq ömrünün ilk illərində ata və anasını örnək götürər və onların etdiyi əməlləri təqlid edər.

Numünə və örnək tərbiyəsi - insan ruhuna dərin izlər qoyan tərbiyədir ki, heç bir zaman onun yadından çıxmaz. Ona görə də Quran buyurur: "(Səmavi) kitabı oxumağınıza baxmayaraq, camaata yaxşılığı əmr edir, özünüzü isə unudursunuz?! Heç fikirləşmirsiniz?!". ("Bəqərə" 44).

"Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz?). Etməyəcəyiniz bir şeyi deməyiniz Allahın yanında çox mənfurdur". ("Səff" 2-3).

Qurani-Kərim insanlar üçün peyğəmbərləri (ə) örnək qərar vermişdir.

"Şübhəsiz, İbrahim(in) və onunla birlikdə olanlar(ın rəftarın)da sizin üçün gözəl bir örnək vardır". ("Mumtəhənə" 4).

"Allah kafir olanlara Nuhun zövcəsini və Lutun zövcəsini məsəl çəkdi. Onlar Bizim bəndələrimizdən olan əməlisaleh iki bəndənin (kəbini) altında idilər. (Bu qadınlar) öz ərlərinə (nifaq vasitəsilə) xəyanət etdilər və onlar (ərləri) o iki qadından Allah(dan gələn əzab)dan heç bir şeyi (azacıq belə) dəf etmədilər və (ölüm anında) onlara deyildi: "Bərzəxin oduna daxil olun! (Qiyamət günü) onlara deyiləcəkdir: "Daxil olanlarla birgə siz də (əbədi) oda girin!"". ("Təhrim" 10).

Quran buyurur ki, insanın örnək seçə biləcəyi insanlardan biri də dostudur. "Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım". ("Furqan" 28).

İnsan üçün müəllim örnək ola bilər.

"Belə isə, (Haqqın qüdrət əlini müşahidə etmək üçün) insan öz yeməyinə baxmalıdır!". ("Əbəsə" 24).

İmam Baqir (ə) bu ayə ilə bağlı buyurur: "Yəni, elm ki, öyrənir - baxmalıdır ki, kimdən öyrənir". (İslami saytlara istinadən)

Bəli, övlad üçün ən təsirli tərbiyə yolu - əməli tərbiyədir ki, Quran buna örnək tərbiyəsi deyir. Yəni, uşaq hər kimi özünə örnək bilərsə, onun əməlini təkrar edər. Adətən uşaqlar öz valideynlərini örnək bilərlər. Ona görə də valideyn övladının yaxşı tərbiyə alması üçün öz əməllərinə diqqət etməlidir.

Milli.Az