Quranı necə oxumaq?

12 Sentyabr 2020 19:55

Quran səma Kitabıdır ki, onunla nə qədər yaxın əlaqədə olsaq, bizim üçün fəziləti vardır. Quranı tilavət etməyin savabları çoxdur. Bəziləri deyir ki, Quran ərəb dilindədir. Ona görə də onu başa düşmürük. Bəs onun öz dilimizdəki tərcümə və təfsirini oxusaq kifayət olarmı?

Bizim cavabımız budur ki, təfsir və tərcüməni oxumaq çox gözəldir. Ancaq Quran ərəb dilində nazil olmuşdur. Onun məhz bu dildə tilavət edilməsinin biz bilmədiyimiz faydaları və fəzilətləri vardır. Ona görə də təfsir və ya tərcümə heç bir zaman ərəb dilində tilavət qədər fəzilətə malik ola bilməz. Quran məhz ərəb dilində qəliblənmiş və bu halda vəhy şəklində yerə enmişdir. Əgər onu öz dilimizə tərcümə etsək, gözəldir. Mənalarını yaxşı başa düşərik. Ancaq bu tərcümə Quranın həqiqi qəlibi olmayacaqdır.

Bu, insan bədənində olan ruha bənzəyir. Ruhun nazil olduğu bədən - həmin Qurandır. Mənasını başa düşməsək də, məhz ərəb dilində olan bədənə və ya qəlibə nazil olmuşdur. Ona görə də tərcümə və təfsiri oxumağın fəziləti, Qurani-Kərimi ərəb dilində oxumağın fəzilətinə çata bilməz.

Əgər insan Qurana çox yaxın olsa və onu çoxlu oxusa, istər-istəməz tərcüməsi ilə də tanış olacaqdır.

Bəzən belə sual verirlər ki, bəs Quranı nə qədər oxusaq yaxşıdır?

Quran özü bu suala cavab verərərk buyurur: "Qur'andan müyəssər olanı oxuyun". ("Muzzəmmil" 20).

"Qur'anı tərtil ilə (aram-aram, aydın və tərtiblə) oxu!". ("Muzzəmmil" 4).

Quran bizə tövsiyə edir ki, tilavət ədəblərinə riayət edərək, onu oxuyaq. Onu oxumağın ədəblərindən biri də tərtildir, yəni Quranı tərtillə və gözəl avazla oxumaqdır.

Nə qədər oxumaq barəsində isə deyə bilərik ki, Məsum İmamlarımız (ə) və alimlərimiz tövsiyə edirlər ki, mömin insan hər gün ən azı 50 ayə Qurandan oxumalıdır. Əgər hər gün bu rəqəmi yavaş-yavaş artıra bilsə, ancaq onun faydasına olacaqdır, ziyanına deyil. Çünki hər kim Quranla dost və yoldaş olar, Quran onun üçün həm dünyada və həm də axirətdə sönməz çıraq və hidayət olar.

Milli.Az