Quran təfsirinin əhəmiyyəti

12 Sentyabr 2020 23:50

"Təfsir" sözünün mənası "aydınlaşdırmaq" və "aşkar etmək"dir. Əllamə Təbatəbai buyurur: "Təfsir - Quran ayələrinin mənasını aydınlaşdırmaq və məqsədini kəşf etməkdir".

Təfsir elminin əhəmiyyəti.

Təfsir elminin mövzusu Allah kəlamları olduğu üçün, ömrü heç bir zaman köhnəlməz və möcüzələri sonsuzdur. Hər bir dünya kamalının dinə və İlahi maarifə ehtiyacı vardır. Bu da Allahın kitabında gizlidir.

Bəşərin təfsir elminə ehtiyac hiss etməsinin əsl səbəbi - bəşər elminin zəif olmasındadır. Qurani-Kərimi başa düşmək və mənalarını dərk etmək üçün insan zehninin təfsirə ehtiyacı vardır. Əgər tarixə nəzər salsaq, görərik ki, bəzi Quran ayələri nazil olan zaman belə, bəzi müsəlmanlar üçün dərk olunası deyildi. Onlar həmin ayələrin mənasını dərk edə bilmirdilər.

Misal üçün səhabələrdən birindən "Kəlalə" sözünün mənasını soruşan zaman onu bilməmişdi və demişdi: "Öz rəyimlə deyirəm ki, əgər savabdırsa - Allahdandır, əgər xatadırsa -  məndən və şeytandandır".

Ya misal üçün "Əbbə" sözünün mənasını digər səhabədən soruşan zaman, demişdi: "Onu dərk etməkdən uzağıq".

Belə olan hallarda təfsir elmi gəlir və sözlərin həqiqi mənasını bizlərə çatdırır ki, onları düzgün dərk edə bilək. Biz hər bir ayənin nazil olduğu zamanı və şəraiti bilmədiyimizə görə bu ayələrin təfsirə ehtiyacı olar. Bəzən də Qurani-Kərimdə həssas bənzətmələr işlədilir ki, kifayət qədər elm olmadan onu dərk etmək olmaz. Bu cür ayələr adi insanlar üçün həmişə gizli və bağlı olmuşdur.

Qurani-Kərimin hər bir ayəsində dərin mənalar gizlənmişdir. Quran bəşərin səadəti üçün lazım olan hər şeyi bu kiçik kitabda sığdırmışdır. Ona görə də bəzi ayələri dərk etmək və başa düşmək təfəkkürə və açıqlamağa, təfsirə ehtiyac duyur.

Quranda elə ayələr vardır ki, Yer kürəsindən daha yüksəkdə olan aləmlərdən bəhs edir. Ona görə də hər kəs bu ayələrdə Allahın bizə demək istədiklərini dərk etməkdə çətinlik çəkir. Bu ayələrin mənasını başa düşmək üçün təfsir olunmasının zəruri olması bədihiyyatdandır.

Quran ayələrinin başqa bir xüsusiyyəti budur ki, bu ayələr bölmələrə ayrılmamışdır və belə deyildir ki, bir surədə ancaq bir mövzudan bəhs olunsun. Bəzən onun hər səhifəsində və bəzən də hər ayəsində müxtəlif mövzulardan bəhs olunur.

Ona görə də deyə bilərik ki, təfsir elmi zəruri elmlərdən biridir ki, bizə Allah kəlamlarını dərk etməkdə yardım edir və gizli qapıları öz aydın çırağı ilə açaraq, bizə həqiqətləri göstərir.

Milli.Az