GoPro Hero 9 Black action kamerasının bütün özəllikləri barəsində məlumat verilib

10 Sentyabr 2020 20:50

Hələ təqdim olunmamış GoPro Hero 9 Black action kamerasının keçən həftə render fotoları təqdim olunmuşdu. Həmin fotolardan görmək olardı ki, yeni action kamera videobloqlar və selfie fotoların çəkilməsi üçün yenilənmiş ön ekran əldə edəcək. İndi isə GoPro Hero 9 Black kamerasının bütün özəllikləri sızdırılıb. Məlum olub ki, məşhur action kamera brendinin yeni modeli bir sıra geniş imkanlar əldə edəcək. Bu barədə 4pda saytı xəbər verib. Verilmiş məlumata əsasən GoPro Hero 9 Black modeli 20 MP-lik sensor ilə təchiz olunacaq.

Onun vasitəsilə o, saniyədə 30 kadr sürətlə 5K keyfiyyətində və 240 fps ilə slow-mo videolar çəkə biləcək. Bununla yanaşı kameranın HyperSmooth 3.0 texnologiyasının dəstəyini əldə edəcəyi gözlənilir. Onun sayəsində çəkilən təsvir daha hamar görünür. Bəzi məlumatlara əsasən GoPro Hero 9 Black vasitəsilə hətta RAW formatında fotolar da çəkmək mümkün olacaq.

İnsayderlər xəbər veriblər ki, bütün bunlardan əlavə olaraq yeni action kamera stabilizasiya ilə timelapse videoların çəkilməsi üçün TimeWarp 3.0 texnologiyasını dəstəkləyəcək və hətta GoPro Hero 9 Black ilə 1080p keyfiyyətində canlı yayımlar da reallaşdırmaq mümkün olacaq. Batareya həcminə gəldikdə isə keçən ilki GoPro Hero 8 Black ilə müqayisədə yeni modelin batareya həcmi 41% (1720 mAh) yüksələcək. GoPro Hero 9 Black modelinin nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur.

Milli.Az