Pandemiya dövründə YÜKSƏK BAL toplayanları siz də TANIYIN - VİDEO

8 Sentyabr 2020 18:04

Bu il öz uğurları ilə yüksək nəticə əldə edən şagirdlərin adları bəlli olub.

Milli.Az xəbər verir ki, ARB Şəki eyni sinifdən yüksək bal toplayaraq ali məktəbə qəbu olan şagirdlərlə bağlı maraqlı sujet hazırlayıb.

İsmayıllı və Kürdəmirdə isə eyni sinfin şagirdləri yüksək bal toplamaqla fərqləniblər. İsmayıllı təhsili öz rekordunu yeniləyib. Bu il rayonun 21 abituriyenti 600-dən, 46-ı isə 500-dən yuxarı bal toplayıb. Ən yüksək nəticə- 673 balı şəhər 5 saylı məktəbin məzunu Səbinə Aydınova göstərib. Şəhər 1 saylı tam orta məktəbin XI A sinifinin 5 şagirdi isə 600-dən yuxarı bal toplayaraq rayon üzrə bir ilkə imza atıblar.

Onlardan Rəmziyyə Ağazadə - 639, Tərlan Muradlı - 627, Mövsümağa Mikayılzadə- 613, Nigar Məmmədova - 609, Gülnar Məmmədova isə - 600 balla fərqlənib. Həmin sinifin 25 məzunundan 23-ü imtahanlarda müsabiqə şərtlərini ödəyiblər.Bundan əlavə, İsmayıllının təhsil tarixində ilk dəfə olaraq bu dərs ilində 7 məzun məktəbi qızıl və gümüş medallarla bitirib. 

Rəmziyyə Ağazadə: "Bizim məqsədimiz yüksək nəticə əldə etmək, yüksək bal toplamaq yox gələcəyin savadlı kadrları olmaqdır".

Mövsümağa Mikayılzadə: "Buraxılış imtahanında daha yüksək nəticə toplamışdım, lakin qəbul imtahanında həyəcan olduğu üçün nəticəm bir az zəif oldu. Amma bu nəticə də məni qane edir".

Tərlan Muradlı: "İmtahanların vaxtının uzadılması nəticələrimizə bir az mənfi təsir etdi. İmtahanlar tez olsaydı, biz daha da yüksək nəticə göstərə bilərdik".

Kürdəmirdə isə bir sinfin 6 məzunu imtahanlarda 600-dən çox bal toplayıb. Ən yüksək nəticə göstərən şagirdlər Kürdəmir şəhər 1 saylı tam orta məktəbin 11 V sinfinin məzunlarıdır.  Rəvan Rzayev -668, İlqar Nəsirli - 656, Vüqar Nəsirli -645 , Ağamusa Mahmudov  - 618, Əligağa Salmanov - 606 və Türkan Səlimova isə 601 bal toplayıb. Bu il Kürdəmir rayonu üzrə 18 nəfər 600-dən çox 30 nəfər isə 500 -dən çox bal toplayıb.

Nəzərə alsaq ki, pandemiya səbəbindən ölkəmizdə mart ayının 3-dən ümumtəhsil məktəblərində dərslər dayandırılıb, buna baxmayaraq, müəllimlərimizin fədakar əməyi nəticəsində onlayn dərslər aparılıb və məzunlardan gözlənilən nəticə özünü doğruldub.

Milli.Az