TAP konsorsiumundan Azərbaycan qazının Avropaya sınaq nəqli barədə açıqlama

8 Sentyabr 2020 17:19

Trans-Adriatik boru kəmərinin (TAP) istismara verilməsinə hazırlıq, eləcə də sınaqlar çərçivəsində boru kəməri Türkiyə-Yunanıstan sərhədindən Albaniyanın Fiere şəhərindəki kompressor stansiyasınadək təbii qazla doldurulub.

Milli.Az bildirir ki, bunu Trend-ə TAP konsorsiumunun xarici əlaqələr üzrə rəhbəri Vüqar Veysəlov deyib.

Onun sözlərinə görə, boru kəmərinin dəniz və İtaliya sahələrinin sınaqları və istismara verilməsi cədvələ uyğun həyata keçiriləcək ki, 2020-ci ilin dördüncü rübündə "Şahdəniz 2" layihəsindən ilk qazın nəqlini və TAP-ın istismara verilməsi prosesinin başlanğıcını təmin etmək mümkün olsun.

Qeyd edək ki, bir neçə gün əvvəl "Şahdəniz 2" yatağından Trans-Anadolu qaz kəməri ilə (TANAP) Avropaya qaz nəqlinin sınaqları başladığı barədə məlumat verilmişdi.

Milli.Az