Bakı Ali Neft Məktəbinin məzunu “İlin uğurlu tələbəsi” seçilib

4 Sentyabr 2020 14:44

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının builki məzunu Nihad Abbasov "Azərbaycan universitetləri" səhifəsi tərəfindən "İlin uğurlu tələbəsi" seçilib. Nihad bu ada təhsil adlığı müddət ərzində əldə etiyi çoxsaylı uğurlara görə layiq görülüb. Orta təhsilini 2015-ci ildə Sumqayıtda Qubadlı rayon İsa Məmmədov adına kənd məktəbində əla qiymətlərlə başa vuran N.Abbasov məktəb illəri ərzində müxtəlif şəhər olimpiadalarının qalibi, "İNEPO" beynəlxalq layihə olimpiadasının və "Sabahın Alimləri" müsabiqəsinin mükafatçısı olub. 2015-2016-cı tədris ili üzrə keçirilən qəbul imtahanında maksimal 700 balı toplayıb və Prezident təqaüdünə layiq görülüb.

Nihad Ali Məktəbdə təhsilini başa vuran günədək bu təqaüdü qoruyub saxlamağa müvəffəq olub. Lakin, o bununla da kifayətlənməyib. Tədris illəri ərzində əldə etdiyi yüksək nəticələrə və Ali Məktəbin sosial-ictimai fəaliyyətindəki fəallığına görə SOCAR-ın təsis etdiyi akademik Xoşbəxt Yusifzadə adına təqaüdün də ilk sahibi o olub və bu il Ali Məktəbi "Fərqlənmə diplomu" ilə bitirib.

Sosial bacarıqları ilə də fərqlənən N.Abbasov BANM-i dəfələrlə yerli və beynəlxalq yarışlarda tələbə yoldaşları ilə birgə uğurla təmsil edib.

Bütün bunların nəticəsidir ki, o hələ Ali Məktəbi bitirmədən bp-də işə qəbul olub.

Milli.Az