Təklif çox, tələb yox - Kirayə mənzil bazarında vəziyyət - VİDEO

1 Sentyabr 2020 16:00

Əvvəl müştərilərimizə verməyə ev tapa bilmirdik, indi isə müştəri.

Bildiyiniz  kimi pandemiya bir çox sahələrə təsir edib. Onlardan biri də kirayə-mənzil bazarıdır. Ali təhsil müəssisələrində təhsilin distant formada davam edəcəyini nəzərə alsaq, hal-hazırda kirayə mənzil bazarında durğunluq hökm sürür.

Milli.Az bildirir ki, ARB TV-də mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

Makler: "Əvvəl müştərilərimizə verməyə ev tapa bilmirdik, indi müştəri tapa bilmirik. Gün ərzində 1-2 nəfər ancaq olur".

Əslində, ötən illər abituriyentlər qəbul xəbərlərini eşidən kimi başlayırdılar ev axtarmağa. Ev qıtlığından da şikayətlənən olurdu, qiymətlərin baha olmasından da. İndi isə ev çoxdu. Amma müştəri yoxdu.

Makler: "Ötən il avqust ayında həm tələbələr, həm məktəblər açılırdı deyə bizneslə məşğul olanlar gəlirdi. Tələbat çox olurdu deyə, qiymət artımı olurdu".

Makler: "Bəziləri tətilə gedəndə fikirləşirdi ki, ev əldən çıxmasın deyə lap 1-2 ay tətil müddətində evin pulunu ödəyirdi. İndi o hallar yoxdur".

Makler: "Çox behlərimiz qayıdıb. Hər zaman 1 ay əvvəlcədən behlər qoyulurdu. İndi isə internetdə elanlar yerləşdirsək də zəng yoxdur".

Hazırda kirayə mənzil bazarında yaşanan durğunluğa səbəb daha tələbələrin oktyabr ayınadək onlayn təhsil alacaq olmalarıdır. Ümumiyyətlə, məlum xəstəliyin yaxın gələcəkdə özünü necə göstərəcəyi və ona uyğun olaraq dərslərin hansı formada davam etdiriləcəyi bilinmədiyindən valideynlər də tərəddüd içindədi.

İlqar Osmanov - Valideyn: "Kirayə ev məsələsi biz valideynlər üçün problem olaraq qalır. Bilmirik ardıcıllıq necə olacaq. Dəqiq məlumat yoxdur".

Abbasqulu Səfərov - Valideyn: "5 nəfər tələbə ilə birlikdə kirayə ev tutmuşduq, mənim qızım da orada qalırdı. Aya 70 manat pul ödəyirdik. Sərfəli evlər tapmaq çətin olur. Ona görə də məcburuq, əldə saxlamışıq. Hər ay ödüyürük ki, başqasına kirayə verilməsin".

Bəli, az sayda valideyn var ki, evi əlindən çıxarmamaq üçün artıq 6 aydır ki, övladının yaşamadığı evə görə pul ödəyir. Amma baxmayaraq ki, təklif tələbi xeyli üstələyir, qiymətlərdə azalma yoxdu. Tələbi azaldan isə təkcə tələbələrin yoxluğu deyil.

Ramil Qasımzadə - Əmlak eksperti: "İri ticarət mərkəzlərinin hələ də fəaliyyət göstərməməsi kirayə bazarına təsir edir. Hazırda təklif tələbi üstələyib. Bu səbəbdən qiymətlər artmayıb, stabil olaraq qalıb. Düşünürəm ki, bu ilin sonuna qədər də kirayə mənzil bazarında bahalaşma olmayacaq. Bu gözlənilmir. Bu tendensiya davam edərsə, bəlkə də bir az qiymətlərdə enmə müşahidə oluna bilər. Sentyabr və oktyabr aylarında da qiymətlər stabil olaraq qalacaq".

Onu da deyək ki, evləri kirayənişinsiz, əmlakçıları müştərisiz qoyan səbəb həm də ölkəyə turistlərin gəlməməsidir. Əcnəbilərə yüksək qiymətə günlük verilən evlər artıq aylıq kirayəyə çıxarılır. Görünən odur ki, pandemiyanın gətirdiyi karantin rejimi kirayə mənzil bazarına təsirini hələ bir müddət qoruyub saxlayacaq.

Milli.Az