ABŞ Konqresində “erməni soyqırımı” ilə bağlı tədbir keçirilib
22 Aprel 2010 15:33
Milli.Az xəbər portalı "Anadolu" agentliyinə istinadən xəbər verir ki, anma mərasimi erməni din adamlarının oxuduqları dua ilə başlayıb. ABŞ-da yalançı erməni iddialarının atəşli dəstəkçisi kimi tanınan şəxslər bu dəfə də toplantıya çıxışçı kimi qatılıblar.
Toplantıda iştirak edənlər arasında Nümayəndələr Palatasının sədri Nensi Pelosi, parlament çoxluğunun lideri Steni Hoyer, konqresmenlər Frenk Pellone, Bred Şerman və Adam Şiff də olub. Konqresmenlər Ağ Evi erməni iddialarını qəbul etməyə çağırıblar.
Nümayəndələr Palatasının sədri Nensi Pelosi çıxışına "Bu gecə hamımız erməniyik" sözləri isə başlayıb. O, bu ilin martında Xarici Əlaqələr Komitəsində "erməni soyqırımı" ilə bağlı qəbul olunan qərarı xatırladıb və deyib ki, belə bir qərar Nümayəndələr Palatasında da qəbul edilməlidir.
Kaliforniyadan olan konqresmen Bred Şerman isə toplantıda maraqlı iddialarla çıxış edib: "Türkiyəni soyuq müharibə illərində Sovet İttifaqının işğalından qurtardıq, müstəqil kürd dövləti qurulmasına mane olduq. Türkiyəyə daha nə qədər yardım etməliyik?"
Tədbirdə Ermənistanın ABŞ-dakı səfiri, Dağlıq Qarabağ separatçılarının nümayəndəsi və "soyqırım"dan xilas olduğu bildirilən bir nəfər də iştirak edib.
Milli.Az