Azərbaycanın mövqeyi dəyişdi - UEFA reytinqi

28 Avqust 2020 13:16

Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, keçirilən 43 oyun siyahıda dəyişikliklərə səbəb olub.

"Neftçi"nin Bakıda Şimali Makedoniya "Şkupi"sinə 2:1 hesabı ilə qalib gəlməsinə (0,375 xal) baxmayaraq, Azərbaycan 1 pillə geriləyərək 26-cı sıraya enib. Çünki digər təmsilçilərimiz "Sumqayıt" və "Keşlə" ilk oyunundaca uduzaraq mübarizəni dayandırıb. Hərçənd ki, bu klublarımızın oyunları da ölkəmizin aktivinə xal qazandırıb. "Sumqayıt"ın doğma meydanda Şimali Makedoniya təmsilçisi "Şkendiya"ya 0:2 uduzması 0,125, "Keşlə"nin Albaniya "Laçi"si ilə 90 dəqiqə ərzində qolsuz bərabərə qalması isə Azərbaycanın reytinqinə 0,250 xal gətirib.

Son 5 mövsümün nəticələrinə əsasən reytinqimiz 15,875-ə yüksəlib. Ancaq bir gün əvvəl Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunlarından sonra "Qarabağ"ın Moldova "Şerif"i üzərində 2:1 hesablı qələbəsi sayəsində Rumıniyanı keçib 25-ci sıraya qalxan Azərbaycan yenidən əvvəlki mövqeyinə qayıdıb. 2 qələbə və 1 heç-heçə edən rumıniyalılar 0,875 xalla ümumi reytinqini 15,950-yə çatdırıb və 25-ci yerə yüksəlib.

Milli.Az