Şoyqu Bakıya niyə gəldi?

25 Avqust 2020 16:33

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Bakıda rəsmi səfərdədir. Prezident İlham Əliyev bu gün S.Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Səfərlə bağlı Rusiyanın Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq mövqeyini bəyan edib.

Bəlli olub ki, səfərin məqsədi iki ölkə arasındakı əlaqələrin təhlili və müəyyən sahələrdəki əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsidir.

Reallıqda, yəni gerçəkdə isə səfərin bəlli səbəbləri var.

Əsas səbəb Azərbaycanın dövlət başçısı İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı olub. Söhbət zamanı Rusiyanın gizli şəkildə Ermənistana silah, sursat və hərbi texnika yollamasına da toxunulub.

Belə ki, Ermənistanın Tovuz rayonuna hücumu günü Rusiyanın Hərbi-Hava Qüvvələrinin İl-76TD hərbi yük təyyarəsi İrəvandakı Zvartnos aeroportuna enmişdi. Təyyarənin yükü silah və hərbi texnika idi. Həmin gündən dünənədək Rusiyanın təyyarələri hər gün Ermənistan istiqamətinə uçublar. Normal, adi marşrutlarla yox - dolayı yollarla, məxfi şəkildə.

ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması üçün yaratdığı Minsk Qrupunda həmsədr ölkə olan Rusiyanın belə davranışı ən azı, anlaşılmazdır.

Münaqişənin həllinə çalışdığı və bunun üçün bütün vasitələrdən istifadə etdiyini vurğulayan rəsmi Moskva zahirən sülhyaradıcı vasitəçi kimi davransa da, Ermənistanın səfil durumda olmasını nəzərə alaraq erməni ordusunun heç olmasa, nisbətən silahlı qüvvələrə bənzəməsinə çalışır.

Daha dəqiq və açıq yazsaq, Azərbaycanın iqtisadi, humanitar, hərbi, maliyyə, iqtisadi və texniki potensialının Ermənistanla müqayisədə dəfələrlə çox olduğunu əla bilən, hərbi əməliyyatların geniş miqyasda başlayacağı təqdirdə İrəvanın cəmi bir neçə gündə tam məğlub olaraq kapitulyasiya anlaşması imzalamaq məcburiyyətində qalacağını dərk edən Rusiya Cənubi Qafqazdakı forpostunu əldən vermək istəmir.

Ermənistanın baş naziri Nikol Paşinyanın son aylarda aşkar şəkildə Qərbə meyllənməsi, rəsmi İrəvanda az qala bütün önəmli postlara amerikalı milyarder Corc Sorosun yetirmələri olan şəxslərin təyin edilməsi, Rusiya telekanallarının Ermənistanda adi rejimdə yayımının yasaqlanması və s. bu kimi məqamlar Moskvanı daha aktiv davranmağa vadar edir.

Moskva ermənilərin Qərbin nəzarətinə keçməsini istəmir və Ermənistanı əldən vermək niyyətində də deyil.

Məhz bu səbəbdən Rusiya Dağlıq Qarabağ münaqişəsində status-kvonu qoruyub saxlamaqla yanaşı, Ermənistanın tam zəif duruma düşməsinə yol verməməyə çalışır.

Şoyqunun səfərinin digər məqsədi Azərbaycanın Türkiyə ilə birlikdə keçirdiyi genişmiqyaslı ümumqoşun təlimləri və onun potensial nəticələridir.

Bakı və Ankara arasında hərbi-texniki sahədə, müdafiə seqmentində işbirliyi sürətlə inkişaf edir ki, bu da təbii, Rusiyanı narahat etməyə bilməz.

Cənubi Qafqazda Türkiyənin təsir imkanlarının və geosiyasi mövqelərinin güclənməsini istəməyən Rusiya S.Şoyqu vasitəsilə rəsmi Bakının planlarından az da olsa, xəbər tutmağa çalışır.

Xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə həlli prosesinin yerində sayması, Minsk Qrupu həmsədrlərinin yarıtmazlığı və bacarıqsızlığı şəraitində "Türkiyə həmsədrlər ölkələr arasında yer almalıdır" tələblərinin Azərbaycan ictimaiyyətində gün keçdikcə daha çox səslənməsi də Moskvanı nigaran edir.

Rusiya bilməmiş deyil ki, Azərbaycanın səbr kasası daşanda erməni işğalçılarına, Dağlıq Qarabağdakı separatçı rejimə qarşı antiterror əməliyyatı başlaya bilər.

Rusiya buna yol verməmək üçün hər şeyi edir və edəcək. Bununla yanaşı, Azərbaycana istehsal etdiyi müasir silah, sursat və hərbi texnikanı da satmağa davam etmək, bu satışların çeşid və miqyasını genişləndirmək fikrindədir.

Məsələn, Rusiya Ermənistana əlavə olaraq 12 SU-30 SM qırıcı təyyarəsini "satış" adı ilə hədiyyə etməyə hazırlaşır. Həmin qırıcıların Azərbaycana satışı ilə bağlı təklifin də S.Şoyqunun Bakıda səsləndiyi istisna edilmir.

... İstənilən halda, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Bakıya səfəri bir sıra məsələlərin həllində irəliyə doğru kiçik də olsa, addımların atılmasına səbəb ola bilər.

Bir şərtlə ki, rəsmi Moskva işğalçı Ermənistanı aşkar şəkildə dəstəkləməyin siyasi, iqtisadi və geosiyasi baxımdan tam perspektivsiz olduğunu gec də olsa, anlasın.

Elçin Alıoğlu
Milli.Az