Rusiyalı iş adamı dünyanın tanınmış klublarından birini aldı
        24 Dekabr 2011 09:55 
        Rusiyalı iş adamı Dmitri Rıbolovlevin nəzarətində olan "Monaco Sport 
Invest" (MSİ) şirkəti "Monako" futbol klubunun səhmlərinin 66,67 faizini
 alıb. Anspress xəbər verir ki, məlumatı "Frans Press" agentliyi yayıb.
 
Əldə olunan razılaşmaya görə, MSİ yaxın dörd il ərzində kluba 100 milyon
 avrodan az olmamaq şərtilə sərmayə qoymalıdır. Bildirilir ki, bu məbləğ
 ehtiyac olduğu təqdirdə artırıla bilər. 
Dmitri Rıbolovlev klubun Direktorlar Şurasına başçılıq edəcək. Onunla 
yanaşı, şuraya MSİ-nin daha beş nümayəndəsi, eləcə də, Monako hökuməti 
ilə bağlı olan və klubun qalan 33,3 faizinə nəzarət edən şirkətdən üç 
nəfər daxil olacaq.
Fransa futbol liqalarında çıxış edən "Monako" klubu yeddiqat Fransa 
çempionu və bu ölkə Kubokunun beşqat qalibidir. Komanda 2011/2012-ci il 
mövsümündə Fransa çempionatının ikinci divizionunda çıxış edir və 
hazırda turnir cədvəlində sonuncu yeri tutur. 
Dmitri Rıbolovlev Rusiyanın ən varlı adamlarından biridir. 2011-ci ildə 
"Forbes" jurnalı onun sərvətini 9,5 milyard dollar dəyərində 
qiymətləndirib və dünyanın ən varlı adamlarının reytinqində 96-cı yerə 
layiq görüb.
Milli.Az