Koronavirusa görə Özbəkistana 100 milyon dollar ayrıldı

21 Avqust 2020 22:10

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Direktorlar Şurası bankın COVID-19 böhranına qarşı fondundan Özbəkistana 100 milyon ABŞ dolları ayrılmasını təsdiqləyib.

Milli.Az xəbər verir ki, Bankın Pekindəki mənzil-qərargahından AZƏRTAC-a bildiriblər ki, vəsait ölkənin səhiyyə sisteminin COVID-19 pandemiyasına, habelə gələcəkdə mümkün səhiyyə böhranlarına qarşı mübarizə potensialını gücləndirməyə yönəldiləcək. Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən "Fövqəladə səhiyyə hazırlığı" layihəsi COVID-19 xəstələrinin müəyyən edilməsi, müalicəsi və nəzarətdə saxlanılması işlərini əhatə edir. Bu məqsədlə laboratoriyalar yenilənəcək, koronavirus xəstələrinin nəzarətdə saxlanılması üçün rəqəmsal platforma yaradılacaq, xəstələrin müalicəsinin daha keyfiyyətli aparılması üçün müvafiq işlər görüləcək. Layihədən virusa yoluxma riski yüksək olan əhali qrupu faydalanacaq.

Qeyd edək ki, Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı dövlət və özəl sektordan olan müştərilərin pandemiya ilə əlaqədar artan tələbatını ödəmək üçün COVID-19 böhranına qarşı xüsusi fondunu yaradıb. İndiyədək fonddan Hindistan, Çin, Banqladeş, Filippin, Türkiyə, Gürcüstan da daxil olmaqla 15 üzv ölkədə ümumilikdə 19 layihəyə 6,16 milyard dollar vəsait ayrılıb.

Milli.Az