Hindistan hökuməti ölkədə 5G simsiz rabitə şəbəkəsinin qurulmasına dair gələn il keçiriləcək tenderdə iştirak etmək üçün Çinin "Huawei" və "ZTE" şirkətlərinə icazə vermək niyyətində deyil.
Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Komunikasiyalar Nazirliyindən verilən məlumata görə, belə bir addımın səbəbi kimi "milli təhlükəsizlik naminə Çinlə münasibətləri məhdudlaşdırmaq barədə Narendra Modi hökumətinin qərarı" göstərilir.
Qeyd edək ki, hökumət daha əvvəl 5G şəbəkəsilə bağlı layihədə "Huawei" şirkətinin iştirakına razılıq vermişdi. Lakin may ayının əvvəllərində Hindistan-Çin sərhədinin mübahisəli hissəsində baş verən silahlı toqquşmalardan sonra Hindistanın bu məsələdə mövqeyi sərtləşdi.
İyun ayında ölkənin təhlükəsizliyi və suverenliyinə təhdid yaratdığı əsas gətirilərək Çinin bir çox mobil əlavəsi, o cümlədən, "Byte Dance" şirkətinə məxsus "TikTok" qısa videolar xidməti bağlandı.
Əvəzində hökumət sözügedən layihəyə cəlb etməyi düşündüyü yerli "Bharti Airtel", "Reliance Jio İnfocomm", "Vodadone Idea" kimi şirkətlərlə daha əvvəl karantin tədbirlərinə görə dayandırılmış danışıqları yenidən davam etmək niyyətindədir.
Milli.Az