Sarkisyan erməni xalqına nə deyəcək?
22 Aprel 2010 12:33
Ölkə mətbuatı onun xalqa nə deyəcəyi ətrafında baş çındırır. "Aykakan Jamanax" qəzeti yazır ki, Sarkisyan istefa verdiyini açıqlaya, yaxud qazanılmış nailiyyətlərdən danışa bilər. Prezidentin Türkiyə ilə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan Sürix protokollarındakı imzasından imtina edəcəyi də istisna olunmur.
Xatırladaq ki, S.Sarkisyan təhlükəsizlik şurasının dünən keçirilən toplantısında bildirib ki, o, aprelin 22-də Türkiyə ilə münasibətlərə dair xalqa müraciət edəcək.
"Hər halda, Vaşinqton və Moskvaya son səfərlər göstərir ki, artıq Sarkisyanın qərar qəbul etməsinin vaxtı çatıb. Vaşinqtonda Türkiyə ilə sərhədlərin açılmasının qarşılığı kimi Ermənistan Silahlı Qüvvələrinin Füzuli və Ağdam rayonlarını boşaltması məsələsi müzakirə edilib. ABŞ-ın Füzulinin boşaldılmasında maraqlı olması da təsadüfi deyil. Çünki bu rayon İranla sərhəddir", - deyə qəzet yazır.
Yazıda o da bildirilir ki, Sarkisyanın Brüsselə aprelin 21-nə planlaşdırılan, lakin baş tutmayan səfərində münaqişə zonasına NATO qüvvələrinin yerləşdirilməsi məsələsi müzakirə edilməli imiş. Kremldəki mənbəyə istinadən venrilən məlumata görə, erməni prezidentin Brüssel səfəri Rusiya rəhbərliyinin israrı ilə təxirə salınıb.
Qeyd edək ki, Yerevan səfərin Avropanın üzərini almış kül buludu ilə əlaqədar təxirə salındığını bildirir.
Milli.Az