Paşinyan hələ belə rüsvay olmamışdı

14 Avqust 2020 15:41

Ermənistanın baş naziri Nikol Paşinyanın siyasət səhnəsindəki biabırçılıqları davam edir. Bu dəfə o, Britaniyanın BBC teleradiokorporasiyasının "Hard Talk" proqramında özünü sözün əsl mənasında, rüsvay edib.

Proqramın aparıcısı Stiven Sakur sanki qarşısına Paşinyanı "edam" etməyi qoymuşdu.

Paşinyan iyul ayında baş vermiş Tovuz döyüşləri ilə bağlı suala cavabında Azərbaycanı "ilk hücumu etməkdə" ittiham edib.

O, daha sonra deyib: "Hər gərginləşmədən sonra beynəlxalq icma hadisənin iki versiyasını dinləyir. Buna görə də təmas xəttində monitorinq sisteminin quraşdırılmasına ehtiyac var".

Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə, Paşinyan hesab edir ki, "barışıq Ermənistanın birtərəfli hərəkətləri ilə əldə edilə bilməz": "Münaqişəni güc yolu ilə həll etməyə çalışan Azərbaycandır".

Daha sonra o, həmişəki kimi, "tarixə səyahət"ə cəhd göstərib.

"Mənim "Dağlıq Qarabağ Ermənistanındır və növqə!" ifadəm minillik tarixə əsaslanır. Mən niyə "Dağlıq Qarabağ Ermənistandır" dedim? Birincisi, bir neçə min ildir ki, yerli erməni xalqı Dağlıq Qarabağda məskunlaşıb və yeri gəlmişkən, Artsax adının bir neçə min il yaşı var. Bununla heç də millətçi mövqe ifadə etmirəm", - Paşinyan yenə marazmatik "tarix bilik"lərini nümayiş etdirməyə çalışıb.

Lakin proqramın aparıcısı S.Sakur Ermənistanın baş nazirinin sözünü kəsib: "Bir dəqiqə, sözümü kəsməyin, durun. Dinləyin, siz istədiyiniz qədər tarixi iddialar səsləndirə bilərsiniz, lakin BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, həmin sənədlərdə Dağlıq Qarabağ birmənalı olaraq Azərbaycan ərazisi kimi tanınır, Ermənistandan isə işğal etdiyi ərazilərdən qoşunlarını çıxarmaq tələb olunur".

... Suallara videokonfrans rejimində cavab verən N.Paşinyanın "Hard Talk"da "siyasi intihar" şousu onun Ermənistanın baş nazir postunda iki illik fəaliyyətinin sonuclarının müzakirəsi ilə başlanmışdı.

Absurd və sərsəm açıqlamaları, yalanlara söykənən bəyanatları ilə tanınan N.Paşinyan bu dəfə bütün hədləri keçib. Belə ki, onun sözlərinə görə, sən demə "ötən il Ermənistan iqtisadi inkişaf tempinə görə Avropada rekord vurub: "Ermənistanın ümumdaxili məhsulunda artım 7,6 faiz oldu. Koronavirus pandemiyası uçuşumuzu yarımçıq qoydu, amma uçuşu davam etdirəcəyik".

Ermənistanın baş naziri xülyalar aləmində pərvaza yeni start vermişdi ki, Stiven Sakur onu yerə endirib. Aparıcı sual verib ki, "inkişaf edən və demoakratik" Ermənistanda insan haqları kütləvi şəkildə pozulur, ölkədə faktiki orta əsrlər qaydaları ilə siyasi opponentlərdən intiqam alınır, hakimiyyətin müxalifətlə davraşınında aqressiv qisasçılıq daha da artır.

"Ermənistan demokratik ölkədir, müxalifət fikrini azad izhar edə bilər. Bəxtəvərəm ki, Ermənistanda müxalifət inqilabdan əvvəlki dövrlə müqayisədə daha asudə davranır" söyləyib özünü tərifləmək istəyən Paşinyanın fərdi təbliğat həhdi alınmayıb.

S.Sakur növbəti sualında bildirib ki, Ermənistanda normal institusional islahatlar aparılmır, Paşinyan Konstitusiya Məhkəməsinin sədri postuna öz adamını təyin etməyə çalışır və elə bu səbəbdən də parlamentdə Konstitusiya Məhkəməsi barədə qanuna "gərəkli dəyişikliklər" olunub: "Bunun səbəbi, məncə, sabiq məmurlar, o cümlədən sabiq prezident Robert Köçəryana qarşı açılmış cinayət işləri ilə bağlıdır".

Paşiyanın cavabı siyasi primitivizm nümunəsi sayıla bilər: "Onların işləri ilə müstəntiqlər, hakimlər və prokurorlar məşğul olurlar. Kimi tutub, kimi buraxmağa mən qərar vermirəm".

Halbuki son vaxtlar Ermənistanda gerçəkləşdirilmiş bütün səs-küylü həbslər bilavasitə N.Paşinyanın göstərişləri ilə həyata keçirilib.

"Hard Talk" daha sonra Ermənistanda koronavirus pandemiyası ilə bağlı vəziyyətin müzakirəsi ilə davam edib.

Aparıcının "Ermənistanda koronavirusla bağlı atılan addımlar hakimiyyətin yarıtmaz fəaliyyəti sayılır, bilirsinizmi?" sualına Paşinyan deyib: "Bu sahədə fəaliyyətimizi dəyərləndirmək hələ tezdir. Məncə, uğurla çalışırıq".

Nikol Paşinyan hansı "uğur"dan danışır?

Ermənistanda koronavirusa yoluxanların sayı 41299 nəfərə, ölənləri sayı isə 1053 nəfərə çatıb.

Əhalisi Ermənistandan 3,6 dəfə artıq olan Azərbaycanda COVİD-19 koronavirusuna yoluxanların sayı 33824, ölənlərin sayı isə 497 nəfərdir.

Üstəlik, Ermənistanla müqayisədə Azərbaycanda daha çox test aparılıb: 14 avqusta olan rəsmi statistikaya görə, bu rəqəm Ermənistanda 181962, Azərbaycanda isə 804513-dür.

Rəqəmlər hər şeyi deyir: Azərbaycanla müqayisədə Ermənistanda əhali 3,6 dəfə, test aparılmış sayı isə 4,4 dəfə az, amma koronavirusdan ölənlərin sayı 2,11 dəfə artıqdır.

Bütün bunlarla yanaşı, N.Paşinyan Ermənistan vətəndaşlarını aldadır. O, erməniləri maska taxmağa çağırsa da, özü ziyafətə qatılıb.

"Hard Talk"ın aparıcısının bununla bağlı sualına cavab verən Paşinyan "Ziyafət Dağlıq Qarabağda olub, orada isə karantin rejimi yoxdur, maska taxmaq tələb olunmur deyib və yenə yalan danışıb.

Çünki Dağlıq Qarabağdakı separatçı rejim aylar əvvəl karantin rejimini tətbiq edib, ictimai yerlərdə də maska taxmaq tələb olunur.

S.Sakurun növbəti sualı gerçəkdən də, sərt və konkret idi: "Dağlıq Qarabağ münaqişəsində ermənilərin törətdlikləri cinayətlərə görə üzr istəməyə hazırsınızmı?"

"Hard Talk"ın aparıcısı onların adlarını çəkməsə də, onun Xocalı soyqırımını nəzərdə tutduğu şübhə doğurmur.

N.Paşinyan bu sualdan yayınıb. Xatırladaq ki, Ermənistanın ilk rəhbəridir ki, Xocalını soyqırımını, ümumiyyətlə, danır.

Sonda isə S.Sakur Ermənistanın geosiyasi yönənməsini bəlirləməyə çalışaraq soruşub: "Ermənistan Rusiyanın müttəfiqi olaraq qalacaq, yoxsa Avropa Birliyi və NATO-ya tərəf hərəkət edəcək?"

Paşinyanın cavabı xeyli "maraqlı" olub: "Ermənistan Rusiyanın strateji tərəfdaşı, Avrasiya İttifaqı olaraq qalır. Lakin ölkədə daxili siyasi islahatların keçirilməsində əsas dəstəyi Avropa Birliyindən alırıq".

... "Siz Dağlıq Qarabağa yollanıb oranı Ermənistan ərazisi elan edirsiniz, Azərbaycanı provokasiyaya çəkməyə çalışırsınız, beynəlxalq hüqunun qaydalarını və prinsiplərini pozursunuz. Siz sülh istəmirsiniz" - "Hard Talk"ın aparıcısı Stiven Sakur dedi, N.Paşinyan da növbəti hərcailiyini, nə qədər bisavad hökumət başçısı və siyasətdən bixəbər olduğunu göstərdi.

Elçin Alıoğlu
Milli.Az