MİQ imtahanlarında 47 minə yaxın namizəd iştirak edəcək

14 Avqust 2020 15:07

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib.

Milli.Az APA-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin müdiri Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq bu il müsabiqənin test imtahani mərhələsi Bakı şəhərində bir mərkəzdə deyil, ölkənin 17 şəhər və rayonda 32 mərkəzdə keçirilir:  "Ümumilikdə imtahanlarda  iştirak etmək üçün 47 minə yaxın namizədin elektron ərizəsi təsdiq edilib və onlar test imtahanlarında iştirak hüququ qazanıblar. Bugün Fransız dili və Fizika fənni üzrə namizədlər imtahana cəlb olunub. İmtahanlarda bütün sanitar-epidemioloji qaydalara riayət olunur".

E.Bağirov qeyd edib ki, bugünki imtahanda 2000-ə yaxın namizəd iştirak edəcək: "Növbəti günlərdə bu say artacaq. Test imtahanları 18 gün davam edəcək. İmtahanlar başa çatdıqdan sonra vakansiya seçimi mərhələsi olacaq. Bu mərhələdən də uğurla keçən namizədlər ümumtəhsil məktəblərinə müddətli müqavilə əsasında işə qəbul olunacaqlar. Daha sonra müsahibə mərhələləri təşkil olunacaq. Müsahibə mərhələsindən uğurla keçən namizədlər isə daimi əsaslarla işə qəbul olunacaqlar".

Milli.Az