Ruhi: «Əgər bir-iki ilə uşağım olmasa...» - FOTOSESSİYA

23 Aprel 2010 09:30
- Sənətdən gedəcəyinizi bəyan etdiniz və sözünüzün üstundə də durdunuz. Amma bəzi tədbirlərdə görünür, telekanallara müsahibələr verirsiniz. Bunu qayıdışınıza bir işarə kimi qəbul etmək olar?

- Sənətdən uzaqlaşacağımı bəyan etsəm də, dinləyicilərimdən birədəfəlik qopa bilmərəm. Balansı saxlamaq üçün ara-bir yeni mahnılar yazdırıram. Yeri gəlmişkən, yaxın günlərdə daha bir neçə yeni mahnım radio dalğalarında səsləndiriləcək. Amma bu, Ruhinin sənətə qayıdışı demək deyil. Tədbirlərə gəlincə, mənim bu günə qədər də münasibətdə olduğum bir neçə sənət nümayəndələri var və verdiyim qərardan asılı olmayaraq, onların tədbirində iştirak edirəm. Sonuncu qatıldığım tədbir isə Kamilə Babayevanın klip təqdimatı oldu. Kamilənin əvəzinə başqası olsaydı, bəlkə də gəlməzdim. Yaxud özümü arxa planda tutmağa çalışardım. Çünki əvvəlcədən bilirdim ki, tədbiri işıqlandırmaq üçün maqazin verilişləri gələcək və onlara fikir bildirməliyəm.  Bildirdim də. Çünki qaçmağım bir qədər "yekəxanalıq" çıxardı.

- Yəni, demək istəyirsiniz ki, dəvətlər çoxdur və bunları seçib dəyərləndirirsiniz?

- Əlbəttə. Dəvətlər çox olur. Nəinki son bir neçə ayda, sənətdə olduğum lap ilk günlərdən özümə bəzi qadağalar qoymuşam. Əvvəlcədən hara gedib-getməyəcəyimi qərarlaşdırmışam və lazım gələndə "yox" sözünü deyə bilirəm.

- Qadağaları dindar olduğunuz üçün edirsiniz?

- Həccə getməmişdən əvvəl də belə qərarlar verirdim. Ziyarətə gedəndən sonra qərarları bir qədər sərtləşdirdim. Dinin buyurduğu müəyyən qadağalar var, buna əməl etməliyəm. Sizə deyim ki, doğmalarımın elə məclisi olur ki, ora getmirəm. Bəzisinə də gedirəm, mühit məni açmasa, 15 dəqiqədən artıq otura bilmirəm. Müğənniliyi atmağın bir səbəbini də dindar olmağımla bağlayıram.

- Məclislərdən sizi qaçıran nədir?

- Əsasən içki məclislərini sevmirəm. Bir də məclislərdə söz-söhbət də adətən əskik olmur. İstəmirəm qulağım belə söhbətlərə hakim olsun. Mənsubiyyətimə görə, ətrafımda çox az sayda insan saxlamışam. Hərdən həmin insanlar yanımda olmayanda, təklikdən darıxıram. Heç yemək yeməyə də həvəsim qalmır.

- Vaxtilə haqqınızda şayiələr də az dolaşmayıb. Şayiə gəzdirənlər isə adətən insanı tanıyan, onunla bağlı hadisələrdən xəbər tuta bilənlər olur.

- Yanımda öncələr çox insanlar var idi. Artıq onları təmizləmişəm. Bəzi söhbətlərə qulaq asır, məsələyə reaksiya bildirirdim. Dində isə qeybət haramdır. Artıq öz dünyamda yaşayıram. Ora toxunmaq olmaz. Bu dünya sevgi ilə, çılğınlıqla doludur. Orada çox şeylər var, amma aça bilmərəm. Yaşamağım üçün onlar bəsimdir. Artıq mənim kənar təsirlərə aludə olmağa vaxtım yoxdur.

- Belə çıxır ki, müğənnilik sizin üçün yad bir peşə olub və onu silib atmısınız?

- Əlbəttə yad idi. Çünki görürəm ki, burada bir çox insan biri-birinə kömək etmək, dayaq olmaq istəmir. Hamı deyir "birinci mən olmalıyam". Amma bu peşəylə məşğul olduğuma görə peşiman da deyiləm. Çünki bü gün gördüyüm işlər 5-10 il əvvəl ağlımın ucundan da keçmirdi. Zamanı gələndə qismət insanı haqlayır.

- Müğənni kimi tanınmağınızda böyük maneələr görmədiniz. Burada qismət birinci rol oynadı, yoxsa maddiyat?

- Qismət deyərdim. Elə insanlar tanıyıram ki, bu sənətdə böyük pullar xərcləyir, amma nəticə etibari ilə bahalı kliplər, bahalı təqdimatlar, bahalı geyimlər onun piarına bir o qədər xidmət etmir. Çünki qismətində yoxdur. Mən Allahın istəkli bəndəsi olduğuma inanıram. Düzdür, mənə çox əziyyətlər də verib. Bu da yəqin, onun sevimli bəndəsi olmağımdan irəli gəlir. Hərdən kənardan baxan mənə "sən həyatda çox xoşbəxt insansan" deyirlər. Şüuru olmayan insan özünə "çox xoşbəxtəm" deyə bilər.

- İnsanın bütöv xoşbəxtliyinə mane olan nədir?

- Ümumiyyətlə, hər bir insan xoşbəxtlik məfhumunu hansısa məqamlarda duya bilər. Amma bütöv şəkildə mümkün deyil. Ancaq əqli problemi olan insan bunun əksini düşünə bilər. Bu həyatda çox şeylər insanı incidir, ağrıdır. Amma xırdalığına getmək istəmirəm.

- Mənə elə gəlir bu şəxsi həyatınızla bağlı ola bilər. Çünki sənətdə haqqında danışdığınız işlər real həllini tapıb.

- Düzdür, karyerada ürəyim nəyi, hansı səviyyədə istəyibsə alınıb. Şəxsi həyatımda sevdiyim insanın yanında, əzizlərimin əhatəsindəyəm. Hər birinin mənə münasibəti çox gözəldir. Amma bəzi şeylər var ki, Allah onu bəzi bəndələrindən əsirgəyib. İnşallah onlar da olar.

- Belə başa düşürəm ki, siz sətiraltı ana olmaq barəsində danışırsınız...

- Qismət olsun. Bu məsələni geniş şəkildə açıb-ağartmaq istəmirəm.

- İctimaiyyətə bəlli olan bəzi isimlər ya xeyriyyəçilk məqsədilə, yaxud da istəyərək övladlığa uşaq götürürlər. Sizin belə bir niyyətiniz olmayıb?

- Əslinə qalsa, bu barədə düşünmüşdüm. İstəmişəm övladlığa uşaq götürüm. Amma fikrimi hələ konkretləşdirə bilməmişəm. Bir az əvvəl dedyim kimi mənim öz dünyam var və hisslərlə yaşayan insanam. Ola bilsin bu, mənim üçün ağrılı olar, mənəvi tərəfdən çətinlik çəkə bilərəm. Bunu hələki fikir olaraq saxlamışam. Əgər qismətimdə 1-2 ilə övlad olmasa, həmin o ikinci variant barədə düşünərəm.

- Hazırda sırf binzes-ledi kimi çalışırsınız, bütikiniz var və orada zinət əşyaları satılır. Bildiyimə görə, ara-bir xeyriyyəçiliklə də məşğulsunuz.

- Din adamı olmaq o demək deyil ki, ancaq namaz qılıb, oruc tutasan, ziyarətlərdə olasan. Elə insan var ki, bunların heç birini eləmir, amma çox səxavətlidir. Artıq bunları mənən yaşayan bir insan olur. Allah insanın keyfiyyətini birinci qəlbinin gözəlliyi ilə seçir. Mənə gəlincə, etdiyim və edəcəyim işləri heç vaxt ağartmamışam. Bacardığım qədər xeyriyyəçiliklə məşğul oluram. Elə bir insan var ki, onun maddiyatdan daha çox gözəl sözə ehtiyacı var. Bunu da ödəməyi bacarmalıyıq.

- Deyilənlərə görə, təqdimatından iştirak etdiyiniz tele-aparıcı Kamilə Babayevanın klipini siz maliyyələşdirmisiniz, belədir?

- Yox. Bu klip çəkilən zaman mən başqa bir dövlətdə idim. Mən ona sadəcə, mənəvi dəstək olmuşam. Bizim münasibətlərimiz maddi yox, səmimi dostluq üzərində qurulub. Kamilənin mənə olan dostluq münasibətini təqdimat mərasiminə gələrək mən də ona göstərdim.   

- Bir az əvvəl dediniz ki, sənətdə istedadı olub, irəli gedə bilməyən insanlar çoxdur. Belələrinə necə, əl tuta bilirsiniz?

- Tuturam. Adını heç zaman açıqlamıram. Hətta onlara etdiyim yardım barəsində də danışmaq istəməmişəm. Bunları Allaha xatir edirəm.

- Yeni mahnılar yazdırsanız da, klip çəkdirmək fikrindən daşınmısınız?

- Klip olmayacaq. Amma bir layihə düşünmüşəm. Klip şəklində olmalıdır, amma səsim eşidilsə də, görüntüm olmayacaq. Bu, böyük bir layihə olacaq, iştirakçıları da nəzərdə tutulur.

- Amma telekanalların kamerasına biganə deyilsiniz. Efirdə simanız onsuz da görünür.

- Maqazin verilişi elədir ki, orada sakit dayanıb sözümü deyirəm. Amma klipdə, mahnı ifası zamanı musiqiyə uyğun hərəkət göstərməliyəm, özümü əsdirməliyəm. Məlum qərarımdan sonra bunu özümə sığışdırmıram.

- Məhdudiyyəti özünüz özünüzə qoymusunuz, yoxsa həyat yoldaşınızın da qərarıdır?

- Yox. Yalnız öz fikrimdir. Heç kim içimdən gələn hisslərə qarşı çıxa bilməz. Necə düşünürəmsə, o cür də görünməyə çalışıram. Bunu sadəcə Ruhi özü istəməlidir.

- Moda biznesindən daş-qaş, zinət biznesinə keçdiniz. Qarşıda bizneslə bağlı daha hansı ideyalarınız var?

- Moda biznesi karyeramda müvəqqəti idi. Moda yarışmasında iştirakçıların geyimlərini tikmək üçün Fashion city-nin açılması mənim üçün vacib idi. Çünki mən iştirakçıları milli geyimlərlə də podiuma çıxartmaq arzusunda idi. Mən "Best Model of Azerbaijan" yarışmasını sırf milli geyimlərimizi iştirakçıların üzərində göstərmək məqsədi ilə keçirdim. Bunu etdim və moda biznesini dayandırdım. İndiki biznesimi isə dayandırmaq yox, əksinə genişləndirməyi düşünürəm. Amma çox çətin və məsuliyyətli işdir. Zinət əşyaları hazır alınmır, öz dizaynerlərimiz var. Elə olur ki, yeni məhsulun hazırlanması prosesində şəxsən iştirak edirəm. Bəzən yoruluram, çatdıra bilmirəm. Elə olur bir ayda 3 dəfə başqa ölkəyə səfər etmək məcburiyyətində qalıram. Buna görə də son vaxtlar məni burada tapa bilmirlər...

Xədicə
Milli.Az




--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------

--------------------------------------------------------------------------------


--------------------------------------------------------------------------------