COVID-19 pandemiyası uşaqlarda və əlilliyi olan şəxslərdə qorxu hissini artırıb

14 Avqust 2020 23:25

Bütün dünyanı öz mənfi təsiri altına salan COVID-19 pandemiyası bir çox problemlərlə yanaşı uşaqlarda və əlilliyi olan şəxslərdə qorxu hissini artırıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Səhiyyə Elmləri İnstitutunun uşaq psixiatriyası bölməsinin rəhbəri, dosent Özalp Əkinçi bildirib.

Onun sözlərinə görə, COVID-19 bu qruplara daxil olan insanlarda valideynlərini itirmə qorxusunu artırıb. Bu da onların pandemiya dövrünü daha çətin keçirmələrinə səbəb olub.

Bildirilib ki, bu təbəqələrə aid olanların böyük əksəriyyətinin, xüsusilə uşaqların həm zehni, həm də fiziki xüsusiyyətləri irsi olaraq valideynlərinə bənzəyir. Bu səbəbdən daha qayğılı valideynlərin uşaqları digərlərinə nisbətən daha çox qorxu hissinə qapılırlar. Buna həssas təbəqəyə aid olanlar da daxildirlər. Pandemiya isə insanlarda istər-istəməz bu hisslərin daha qabarıq şəkildə özünü büruzə verməsinə səbəb olub ki, bu da uşaqlarda qorxu hissinin artması ilə özünü göstərir. Hətta bəzi uşaqların pandemiya dövrü ərzində əllərini həddindən artıq yumasını da müşahidə etmək olar.

Dosent bu problemin aradan qalxması üçün uşaq və əlilliyi olan insanların yanında pandemiya haqqında danışmamağı, mümkün olduğu qədər bu mövzuya toxunmamağı məsləhət görüb.

Milli.Az