Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən ictimai nəqliyyatda və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, reyd zamanı şəhərdə fəaliyyət göstərən bir neçə gözəllik salonunda, mağazalarda və digər qapalı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslərə rast gəlinib. Onlarla profilaktik söhbətlər aparılıb, qaydaları riayət etmələrinin vacibliyi izah olunub. Həmçinin, Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərdaxili sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri də yoxlanış məqsədilə saxlanılıb. Bəzi sürücü və sərnişinlərin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.
Ümumilikdə qaydaları pozan şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.
Milli.Az