Sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq

11 Avqust 2020 15:25

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il daha 4 müavinətin təyinatının elektronlaşdırılması təmin olunacaq. Ümumən sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq və bu proses gələn il başa çatdırılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən ildən başlayaraq 21 sosial təminat növünün (2 pensiya və 19 müavinət-təqaüd növünün) elektron təyinat sistemləri yaradılıb.

Nəticədə həmin pensiya, müavinət və təqaüdlər onları almağa hüququ yaranmış vətəndaşların müraciət etmələrinə və sənəd təqdim olunmasına ehtiyac olmadan, məmur-vətəndaş təması baş vermədən elektron qaydada təyin edilir. Bu ilin 6 ayında 53 min şəxsə pensiya, müavinət və təqaüdlər e-qaydada təyin olunub.

Milli.Az