Azərbaycanda ilk tarix portalı yaradılıb
22 Aprel 2010 10:45
Azərbaycan Tarixi Portalı Azərbaycan tarixi haqqında yazılmış kitabların, sənədlərin və digər mənbələrin elektronlaşdırılmış versiyasını özündə cəmləşdirir. Tariximiz haqqında yazılı mənbələrin sayı çox olduğundan qısa müddət ərzində bütün mənbələrin elektronlaşdırılması mümkün deyil. Portal 2010-cu ilin yanvar ayından etibarən yaradılmağa başlanıb.
İstifadəçilər portalda Azərbaycan tarixinin hər bir dövrünü əhatə edən kitablar, xəritələr, numizmatik materiallar, sənədlər, abidələrlə tanış ola biləcəklər. Portal Azərbaycan tarixi ilə maraqlanan hər bir kəs, xüsusilə də tədqiqatçılar üçün faydalı olacaq. Portal özündə elektron kitabxana, numizmatika, xalçaçılıq, arxeologiya, xəritə, fotoqalereya bölmələrini birləşdirir. Sayt vasitəsilə istənilən yerli və xarici vətəndaş Azərbaycan tarixinin istədiyi bir dövrü haqqında dolğun məlumat alacaq, pedoqoji heyət, tələbələr istədiyi bir tarixi mövzunu araşdıra biləcək. Belə ki, tarixi materiallarımızın hamısı vahid kitabxanada deyil, bir hissəsi arxivdə, bir hissəsi müxtəlif kitabxanalarda, digər bir hissəsi xarici ölkələrdə - yəni paylanmış şəkildədir. Ancaq bu layihədən sonra Azərbaycan tarixinə aid bütün materiallar bir yerə toplanacaq. Layihə Azərbaycan tarixinə və mədəniyyətinə yeni tövhələr verəcək, tarixi araşdırmaların, yeni kitabların sayı artacaq.
"İrəli" İctimai Birliyi tərəfindən hazırlanmış yeni portalın təqdimat mərasimi aprelin 24-də keçiriləcək.
Milli.Az