Eldar İsmayılov: "1915-ci ildə Osmanlıda millətlərarası münaqişənin təşəbbüskarı ermənilər olub"

23 Aprel 2010 10:32
- Türkiyə hökuməti  bir neçə dəfə türk və erməni tarixçilərindən ibarət komisiya yaratmaq təklifi ilə çıxış edib. Bu komisiya  "erməni soyqrımının" olub olmaması faktını araşdırmalı idi. Erməni tərəfi bunu qətiyyətlə rədd edir. Sizin fikirinizcə hansı fakt və dəlillərin üzə çıxmasından ermənilər boyun qaçırır?                      

- Soyqırım anlayışı insanları etnik mənsubiyyətinə görə məhv etmək istigamətində dövlət siyasətidir. Əsrin əvvəlində, birinci dünya müharibəsini bura əlavə etməklə, Osmanlı imperatorluğu heç bir milli azlığı məhv etmək siyasəti yürütməyib. Bəs onda 1915-ci ildə nə baş vermişdi? Rus türk müharibəsi zamanı, Osmanlı imperatorluğu ölkəsinin şərqində yaşayan erməni əhalisini dövlətə qarşı  xəyanət etdiklərinə görə, imperiyanın  digər bölgələrinə deportatsiya edilməsinə qərar vermişdi. Bu proses zamanı köçürülən ermənilər, çoxsaylı köçəri kürd və çərkəz dəstələrinin hücumlarına məruz qalmışdılar. Qeyd etmək lazımdır ki, o zaman türklər deportatsiya olunan ermənilərin təhlükəsizliyini tam şəkildə təmin etmək iqtidarında deyildilər. Və bu səbəbdən  ermənilər müəyyən itkilər vermişdi. Lakin ölən adamların sayını demək çox çətindir. Amma birmənalı şəkildə demək olar ki, ermənilərin dünyaya car çəkdiyi, güya bir milyondan artıq adamın öldürülməsi tamamilə uydurmadır. Çünki heç bir halda Türkiyənin bu bölgəsində ermənilərin sayı ümumilikdə milyona çatmazdı. Orada yaşayan ermənilərin böyük bir hissəsi Cənubi Qafqaza, bir hissəsi isə imperatorluğun digər bölgələrinə köçürüldü. Qərbi Türkiyədə yaşayan ermənilərdən isə İstanbul daxil olmaqla, ümumiyyətlə bu proseslər yan keçdi. Ona görə də indinin özündə belə, Türkiyənin Qərb bölgələrində çoxsaylı ermənilər yaşamaqdadır. Köçürülən ermənilərin bir hissəsi Türkiyəni tərk edərək Avropa və ərəb ölkələrinə üz tutdular. Göründüyü kimi onların "soyqırım" iddialarının heç bir tarixi və hüquqi əsası yoxdur. Bu tam mənada siyasi bir oyundur, Ermənistan və onun diasporu "erməni soyqırımı" pərdəsi altında müəyyən siyasi məqsəd güdürlər. Bir məsələni də nəzərə almaq lazımdır ki, müasir Türkiyə Osmanlı imperatorluğunun varisi olsa da, orada baş verən hadisələrə cavabdehlik daşımır. Dediklərimin təsdiqini Türkiyə və Rusiyada olan arxiv sənədlərdə tapmaq olar. Xüsusilə vurğulamaq istəyirəm ki, türk arxivlərində "erməni soyqırımı" siyasətini təsdiq edən heç bir dövlət sənədi yoxdur. İndiki erməni diasporunun əksər hissəsi Türkiyə ermənilərindən ibarətdir. Sual oluna bilər ki, bu ermənilərin sayı nə qədər idi ki, onların dediyi kimi güya milyon yarım məhv olunduqdan sonra, belə bir çoxsaylı diasporu mövcuddur. Əlbəttə ki, bu, absurd bir fikirdir.   

- Bəs ermənilərin xəyanət etməsi özünü nədə göstərib?

- Gəlin Birinci Dünya Müharibəsində cərəyan edən bəzi hadisələrə diqqət yetirək. Rusiyanın Osmanlı ordusuna qarşı apardığı uğurlu hücum zamanı, türk ordusudan kütləvi şəkildə  erməni əsgərləri fərarilik etdi. Eyni zamanda ermənilərin yaşadığı bölgələrdə geniş fəaliyyət göstərən Daşnaksütyun partiyası erməni əhalisini türklərlə müharibədə Rusiyanı dəstəkləməyə çağırırdı.Və o ərəfədə ermənilərdən ibarət qaçaq dəstələri, misal üçün Andranikin dəstəsi, türk ordusuna qarşı təxribatlar törətməyə başlamışdı. Rus ordusunun Karsa, Ərzuruma, Van gölünün ətrafında yerləşən bölgələrə yaxınlaşdığını görən ermənilər kütləvi şəkildə yerli müsəlman əhalisini məhv etməyə başladılar. Bu faktı o bölgələrə gələn rus ordusunun zabitləri öz memuarlarında qeyd ediblər. Dediyim kimi ermənilər məhz müsəlman əhalisini türklərlə birlikdə kürdləri və s. millətləri kütləvi qətlə yetirmişdilər. Ona görə yerli kürdlər ermənilərə qarşı çox aqressiv mövqedə idi. Belə qənaətə gəlmək olar ki, o ərazilərdə millətlərarası münaqişənin təşəbbüskarları da ermənilər olub.             

- Ermənilərin Rusiya tərəfə keçməsi müqabilində onlara nə vəd olunmuşdu?

- Rusiya onlara muxtariyyat verilməsini vəd etmişdi, amma əslində isə onlar bu sözə əməl etmək fikrində deyildilər. Sadəcə olaraq onlar ermənilərdən istifadə etmişdir. Çünki XX əsrin əvvəllərində Rusiya Daşnaksütyun partiyasının fəaliyyətini  qadağan etmişdi. Amma 1908-ci ildən sonra partiyanın fəaliiyyətinə yenidən icazə verilmişdi. Daşnaksütyun partiyası öz növbəsində çar Rusiyası hakimiyyətinə qarşı sərt mövqedə idi. Və hətta bəzi Rusiya hökumət nümayəndələrinə qarşı terror aktı həyata keçirmişdi. Şübhəsiz ki, ermənilər Rusiyanın vədlərinə inanmışdılar və türk ərazilərində Ermənistan dövləti qurmaq xülyası ilə yaşayırdılar. Burada xristian faktoru rol oynayıb və bununla bərabər ermənilərin siyasi naşılığı özünü biruzə verdi. Ermənilərin Rusiya tarixində müəyyən rol oynaması bir faktdır. Amma bu rolun nə dərəcədə müsbət və ya mənfi olması sual olaraq qalır. Eləcə də Türkiyənin tarixində də ermənilər müəyyən rol oynayıb.  Türkiyədə erməni generalları, erməni siyasi xadimlər də olub. Hətta ermənilər Türkiyədə monarxiyanın devrilməsində də müəyyən rol oynamışdı. Bir müddət Daşnaksütyunla  İttihadi Tərəqqi partiyaları arasında əməkdaşlıq haqqında saziş bağlanmışdı. Sonradan Rusiyanın təsiri altında Daşnaksütyun bu sazişdən imtina etmişdi.


"Azərbaycanda ilk erməni-müsəlman münaqişəsi, ingilis və yapon xüsusi xidmətlərinin apardığı təxribatın nəticəsidir"


- Bu hadisələrin Azərbaycana  gəlib çıxması necə baş verdi?  

- Azərbaycana 1918-ci ildə gəlib çıxan daşnaq hərbi birləşmələri yerli müsəlman əhalisindən Türkiyədəki uğursuzluqlarının qisasını almaq arzusunda idi. Onların əsas məqsədi müsəlman əhalisi idi. Misal üçün əgər onlar Azərbaycana yox, Orta Asiyaya gedib çıxsaydılar, həmin qəddarlığı orada da həyata keçirəcəkdilər.
Qeyd etmək lazımdır ki, Azərbaycanda on minlərlə ölən və yaralananlarla müşahidə olunan, ilk erməni-müsəlman konfilikti 1905-ci ildə baş verib. O dövrdə Rusiya hakimiyyəti ölkədə gedən inqilabi proseslərə görə, ermənilərin törətdiyi qırğının qarşısını almaq iqtidarında deyildi. Münaqişənin ilk vaxtlarında müsəlmanlar müqavimət göstərə bilmirdilər, lakin sonradan müsəlmanların "Difayi" partiyası yarandıqdan sonra erməni terrorizminə qarşı çox sərt cavab verildi. Hər iki tərəfdən ölənlərin sayı təxminən eyni idi. Erməni müsəlman toqquşmaları Bakı, Yelizavetpol, Qarabağ, Tiflis və s. bölgələri əhatə etmişdi. Bu münaqişədə Rusiyanın heç bir marağı yox idi, çünki bu çarizmin bünövrəsini laxladırdı. Cəfər Cabbarlı yazdığı "1905-ci il" əsərində günahı monarxiyada görür. Bu mövqe Sovetlərin sinfi mübarizə nəzəriyyəsindən irəli gəlir. Əslində isə 1905-ci ilin erməni-müsəlman münaqişəsi, ingilis və yapon xüsusi xidmətlərinin apardığı təxribatın nəticəsidir. Bu versiyanı təsdiq edən tarixi sənədlər mövcuddur. Burada vacib bir faktor da var ki, 1905-ci ildən, hələ münaqişədən əvvəl erməni elitası Qafqazda lider olmaq qərarına gəlmişdi. Bu iddia öz növbəsində ermənilərin Bakıda çox əlverişli mövqedə olmasına əsaslanırdı. Diqqət edin, o vaxt Bakının əhalisinin 18 % -ini ermənilər təşkil etdiyi halda, şəhərin daşınmaz mülkiyyətinin 48 % - i ermənilərə məxsus idi. Müsəlmanların şikayətini araşdırmaq üçün Bakıya senator Kuzminskinin başçılığı ilə hökumət komisiyası gəlir. Azərbaycanlılardan biri ona "ermənilər bizə yaşamağa imkan vermir" deyərək müraciət etmişdi. Ermənilərin Bakının bütün iqtisadi, siyasi hakimiyyətini ələ keçirmək niyyəti müsəlman əhalisində etiraz doğurmaya bilməzdi. Yüksək vəzifələrdə olan Xadisov, Ter-Qukasov və yüzlərlə başqa ermənilər tədricən bütövlükdə Bakıya sahiblik etmək niyyətində idilər. Belə ki, əldə etdikləri mövqe onlara Bakı neftinin islahatının böyük bir hissəsinə nəzarət etməyə imkan verirdi. Azərbaycanlıların əlində isə öz neftimizin cəmi 5 faiz səhmi qalmışdı. Ermənilərin törətdiyi özbaşınalıq müsəlmanların haqlı  etirazına səbəb olmuşdu. 1905-ci ildə Qafqazda liderliyə nail ola bilməyən ermənilər bu məsələyə 1918-ci ildə yenidən qayıtmışdılar. Qeyd etmək lazımdır ki, rus çinovnikləri total rüşvətxorluqları ilə ermənilərin öz məqsədlərinə nail olmaları üçün münbit şərait yaradırdılar. O məmurları ki, ermənilər satın ala bilmirdilər, onlara qarşı terror aktı törədilirdi. Belə ki, 1905-ci ildə Bakının qubernatoru Nakaşidze daşnaklar tərəfindən qətlə yetirildi. Maraqlıdır ki, öz növbəsində müsəlmanlar da ermənilər tərəfindən satın alınmış rus çinovniklərinə qarşı terror aktı həyata keçirməyə məcbur idilər. 1905-ci ildə Şuşanın başçısı Qoloşapov, ermənilər tərəfindən pulla idarə olunaraq, şəhəri demək olar ki, tamamilə ermənilərin ixtiyarına vermişdi. Onun əlindən təngə gələn müsəlmanlar Qoloşapovu Tiflisdə qətlə yetirdilər. Ümumiyyətlə, XİX əsrin axırı,  XX əsrin əvvəlləri Rusiyada terrorizm çox geniş yayılmışdı. Bu prossesdə ən aktiv rolu da ermənilər oynayırdı. Çox vacib bir məqamı qeyd etmək istəyirəm ki, 1905-ci ilin erməni-müsəlman qanlı toqquşmaları Rusiya ilə İngiltərənin barışdığı gün  (Rusiyanın Antantaya qoşulduğu andan) dayandırıldı.

Ceyhun Nəcəfov                                       
Milli.Az