“Tut ağacı”nda yeyib-içənlər əlavə 200 manat da ödəməli olacaqlar - CƏRİMƏ - FOTO

6 Avqust 2020 18:55

Salyan rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət edən restoran aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Salyan şəhəri Ələt-Astara yolunun 55-ci km-də yerləşən "Tut ağacı" kafesinin sərtləşdirilmiş karantin rejimi dövründə qanunsuz fəaliyyət göstərməsi müəyyən edilib. Obyektə baxış zamanı karantin rejimi qaydalarını pozduğuna görə Salyan şəhər sakinləri Aləddin Tağıyev, Elman Rzayev, Şamil Axundov, Səbuhi Nəsirov, Müşfiq Səmədov, Həsən Həsənov, Murad Qurbanov, Vaqif Zərbəliyev, Azər Qurbanov və Əlipaşa Abasov saxlanılaraq Salyan Rayon Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan ümumilikdə 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb. Onlar inzibati qaydada 200 manat məbləğində cərimə olunublar. Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilib və bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə halın təkrarlanacağı təqdirdə onları inzibatı qaydada həbs cəzası gözləyəcək.

Milli.Az