Nissan Magnite modelinin interyerini nümayiş etdirib - FOTO

13 Avqust 2020 23:58

Nissan şirkəti Hindistan bazarı üçün nəzərdə tutulmuş büdcə modeli olan Magnite krossoverinə marağı artırmağa davam edir. Bu dəfə Nissan şirkəti krossoverin salonunu nümayiş etdirib.

Yapon markasının mətbuat xidməti tərəfindən yayımlanan şəkillərdə qara və tünd qırmızı rənglərdə tərtib edilmiş salonu göstərilir. Ön panel və oturacaqlar uzanmış altıbucaqlıya bənzəyən naxışlara malikdir - eyni formadan havalandırma sisteminin dörd deflektorunda da istifadə edilib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, sükan çarxının arxasında iri ekranlı rəqəmsal cihazlar paneli, ön panelin ortasında isə multimedia sisteminin səkkiz düymlük ekranı yerləşir. Nissan Magnite modelinin avadanlıq siyahısında kruiz-kontrolun və dairəvi müşahidə kameralarının yer alacağı artıq məlumdur.

Nissan şirkəti yeni krossoverin eksteryerini iyul ayında Nümayiş etdirib.Nissan Magnite modeli ön ötürməli CMF-A modul platformasına əsaslanır. Krossoverin mühərrik çeşidinə 1,0-litrlik üçsilindrli atmosfer mühərriki və onun turboversiyası daxil ediləcəkdir. Birinci halda, mühərrikin hasilatı 72 at qüvvəsi, ikinci halda isə - 95 at qüvvəsidir. Transmissiya - mexaniki ötürmələr qutusu, "robot" və ya variator olacaqdır.

Nissan Magnite modelinin seriya variantı 2020-ci ilin sonuna qədər nümayiş etdiriləcəkdir. Krossoverin kütləvi istehsalına 2021-ci ilin əvvəlində Nissan şirkətinin Hindistandakı zavodunda başlanacaqdır. Nissan Magnite yalnız Hindistanda satılacaqdır.

Milli.Az